Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beiqi Harçeqani növbəti uğurunu qazanıb. İdmançımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında fərqlənib. 80 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz yarışa 1/4 finaldan başlayıb. Avropa Oyunlarının qızıl, Olimpiadanın bürünc mükafatçısı olan Milad Məcid Almabrukunu (Səudiyyə Ərəbistanı) asanlıqla məğlub edib - 21:2.
Yarımfinalda da iranlı Əlirza Dərvişpurla görüşən təmsilçimiz yenə ciddi müqavimətə rast gəlməyib və 24:4 hesabı ilə qalib gəlib. İdmançımız finalda Türkiyə taekvondoçusu Yunus Sarı ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 9:5 hesablı qələbə qazanan Harçeqani İslam Həmrəyliyi Oyunlarını qızıl medalla başa vurub.