Millimiz Fərid Nəbiyevin qolu ilə qalib gəldi
Xəbərlər / 11 May 2016 | 18:55162
Millimiz Fərid Nəbiyevin qolu ilə qalib gəldi

17 yaşadək futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçirilən final mərhələsində III tura start verilib. A qrupunda çıxış edən Azərbaycan milli komandası Şotlandiya ilə qarşılaşıb. İlk iki turun Portuqaliya (0:5) və Belçika (1:1) ilə görüşlərində qələbə qazana bilməyən yığmamız bu dəfə meydanı 3 xalla tərk edib. Azərbaycan millisinə qələbəni “Qəbələ”nin futbolçusu Fərid Nəbiyevin qolu qazandırıb. “Qırmızı-qaralar”ın yarımmüdafiəçisi matçın 79-cu dəqiqəsində görüşün taleyini həll edən qola imza atıb – 1:0.
Lakin bu qələbə yığmamızın 1/4 finala çıxması üçün kifayət etməyib. 4 xal toplayan komandamız qrupda 3-cü yeri tutaraq mübarizəni dayandırıb. Fərid hər üç qarşılaşmada iştirak edib. O, ilk oyunun 78-ci dəqiqəsində əvəzlənibsə, digər iki matçı əvəzolunmadan keçirib. Şotlandiya ilə qarşılaşmada “Qəbələ”nin daha bir üzvü iştirak edib. Öncədən “18-liy”ə daxil edilməyən Murad Popov millinin qapıçılarından biri zədələndiyi üçün heyətə salınıb və son görüşdə 80 dəqiqə ərzində qapısını toxunulmaz saxlayıb.