«Mötəbər bir yarışın yüksək səviyyədə keçməsində bizim də əməyimiz oldu»
Xəbərlər / 19 Dekabr 2012 | 12:12306
«Mötəbər bir yarışın yüksək səviyyədə keçməsində bizim də əməyimiz oldu»

“Qəbələ“ Futbol Klubunun bazasındakı oyun və məşq meydançalarının keyfiyyəti haqda çox yazılıb, çox deyilib. Ölkəmizdə nümunə ola biləcək belə meydançaların yaradılması, təbii ki, klub tərəfindən işə düzgün, peşəkar yanaşmanın nəticəsidir. Amma təkcə yerli futbol mütəxəssislərini deyil, ilk dəfə bura ayaq basan əcnəbini də heyrətə gətirən yaşıl sahələrin keyfiyyətli şəkildə saxlanmasında Qəbələ stadionunda ota qulluq edən briqadanın xüsusi əməyi var.

Ot yetişdirilməsi üzrə məşhur mütəxəssis, ingiltərəli Filipp Şarples  vaxtilə  “Qəbələ”yə dəvət ediləndə, onun əsas vəzifələrindən biri də burada yerli mütəxəssislər hazırlamaq idi. Sevindirici haldır ki, onun yetişdirdiyi azərbaycanlı mütəxəssislərin işinin sorağı təkcə Qəbələdən deyil, Azərbaycanın müxtəlif arenalarından eşidilir.

Orxan Yunusov: “Ot yetişdirilməsi işinə vaxtilə “Qəbələ” Futbol Klubunun stadionları və məşq meydançaları üzrə menecer vəzifəsində çalışmış Filipp Şarplesin rəhbərliyi ilə, 2011-ci il fevral ayının 1-dən başladıq. Ruslan Abdullayev, Rəşad Cabbarov və mən onun keçdiyi kurslarda otun becərilməsi və meydançaların salınması işinin nəzəri tərəflərini öyrəndik. Bir il davam edən təlimlərdə bu işin nəzəriyyəsini öyrənməklə yanaşı, öyrəndiklərimizi Qəbələ stadionunda meydançalar yaradılarkən praktik olaraq tətbiq etdik. Bir ilin tamamında müxtəlif idman növləri üçün ot meydançalarının salınması və  texnoloğiya və avadanlıqların satışı üzrə ixtisaslaşan dünyanın məşhur “Pitchcare” şirkətinin rəhbəri Deyv Saltman Qəbələyə gəldi. Bizimlə görüşdü, işimizlə tanış oldu. Qəbələ stadionunda gördüyümüz işi qiymətləndirdi və “Pitchcare” şirkətinin sertifikatını verdi. Biz rəsmən ot yetişdirilməsi üzrə mütəxəssis sayılırıq. O vaxtdan başladığımız işi davam etdiririk. Bizə lazım olan şəraiti yaratdığına görə, “Qəbələ” Futbol Klubunun rəhbərliyinə təşəkkür edirik. Ümidvarıq ki, bu işi getdikcə təkmilləşdirəcəyik. Filippin dövründə 3 nəfər idik. İndisə artıq yeni əməkdaşlarımız da var. Onlar da bizdən bəhrələnərək bu işin sirlərinə yiyələnirlər”.  

“FİFA-dan təşəkkür aldıq”

Orxan, Ruslan və Rəşadın təkcə Qəbələ stadionunda deyil, Azərbaycanın başqa stadionlarında da  əməyi olub. Onlar Azərbaycanın ev sahibliyi elədiyi U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçrildiyi arenalarda da çalışıblar. Ruslanın dediklərindən: 
“Sentyabrın 1-də Bakıya yollandıq. Mən “Bakı” Futbol Klubunun İdman Akademiyasının meydançasında  yeni ot örtüyünün salınmasında iştirak etdim. Orxan Lənkəran Şəhər Stadionunda, Rəşad isə “8-ci kilometr” stadionunda çalışıb. Məqsəd həm də, dünya çemionatının oyunlarının keçirildiyi meydançaların ot örtüyünə qulluq və vəziyyətinə nəzarət etmək olub. Lənkəran şəhər və “Bakı” komandasının stadionunda ot örtüyü ilə işlərə sırf özümüz nəzarət etmişik. Sonda hər üçümüz “8-ci kilometr” stadionunda Filipp başda olmaqla birgə işləmişik. Bu işimizə görə sonda FİFA bizə  təşəkkür etdi.  
Bu iş Filipin təşəbbüsü, AFFA-nın təyinatı ilə gerçəkləşdi. “Qəbələ” klubunun rəhbərliyi  bu təşəbbüsü müsbət qarşıladı. Bizim başqa arenalarda çalışmağımızdan həm biz, həm də klub qazandı. Dünya səviyyəli mötəbər bir yarışın yüksək  səviyyədə keçməsində bizim də əməyimiz oldu. Böyük təcrübə qazandıq.  Amma hələ bundan sonra da bilik və bacarıqlarımızı təkmilləşdirməyə ehtiyac var”. 

QƏBƏLƏ FK qəzeti