Mövsümdə ilk, tarixdə 40-cı dəfə
Xəbərlər / 1 Noyabr 2012 | 06:46462
Mövsümdə ilk, tarixdə 40-cı dəfə

Topaz Premyer Liqasının XI turu “Qəbələ” üçün uğursuz seriyaların qırılması ilə əlamətdar oldu. “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən Ramiz Məmmədovun yetirmələri 6 oyunluq qələbə həsrətinə son qoydu. Avqustun 26-da evdə “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub etdikdən sonra 66 gün idi ki, komanda qalib gəlmirdi. Bu müddətdə 3 heç-heçə edən komanda daha 3 qarşılaşmada uduzmuşdu.

Bu qələbə həm də mövsümdə ilk səfər qələbəsi oldu. Ötən çempionatın mayın 11-də baş tutan son turunun oyunundan sonra “Qəbələ” rəqib meydanlarında 3 xal qazanmamışdı. “Neftçi” üzərindəki 1:0 hesablı qələbədən 173 gün sonra gələn uğuradək komanda səfərdəki 5 matçda 3 heç—heçə edib və 2 dəfə uduzmuşdu.

“Qarabağ” üzərindəki qələbə həm də Ramiz Məmmədovun baş məşqçi postuna qayıdışından sonra ilk belə uğur oldu. Əvvəlki 4 matçda 3 heç-heçə və 1 məğlubiyyəti olan komanda yeni baş məşqçisinin ilkini gerçəkləşdirdi. “Qəbələ” Məmmədovun rəhbərliyi altında son qələbəsini 2010-cu il mayın 1-də qazanmışdı. 2 il əvvəl “Bakı” üzərində 1:0 hesablı qələbədən sonra daha 2 oyun komandanı meydana çıxaran mütəxəssis həmin matçlarda və cari mövsümkü ilk 4 oyunundan sonra qələbəyə sevindi.

- Lakin “Qarabağ”la qarşılaşma təkcə bu məqamlarla əlamətdar olmayıb. Belə ki, paytaxtda baş tutan matçda klub tarixində 40-cı səfər qələbəsi gerçəkləşib. 121 dəfə rəqib meydanlarına çıxan komanda 26 dəfə Premyer Liqa, 5 dəfə Azərbaycan kuboku və 9 dəfə I dəstədə səfərdən 3 xalla dönüb.

- Bu il martın 7-də “Kəpəz”lə görüşündə 2:3 hesabı ilə uduzan “Qəbələ” 10 səfər matçı idi ki, 1-dən artıq qol vurmurdu. “Qarabağ”la matçda bu uğursuz seriya da qırıldı.

- 3 futbolçu “Qəbələ”nin heyətində yubiley oyununu keçirib. Aleksandr Çertoqanov 40, Kalabane Umar və Kelhar Dejan isə 10-cu dəfə komandanın heyətində meydana çıxıb.

- Bruno da Silva isə “Qəbələ”də 58-ci oyununu keçirib. Bu, yubiley olmasa da, legioner klub tarixində ən çox oynayan 10 futbolçu sırasına qoşulub. Hazırda Bruno 9-cu pilləyə şərik 3 oyunçudan biridir: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Azər Həşimov – 95, Lyubo Baranin – 90, Samir Zərgərov – 84, Əli İsmayılov – 82, Qoqa Beraya – 68, Vurğun Hüseynov 

– 67, Turnike Aptsiauri, Milan Antiç, Bruno da Silva – hamısı 58.

- Premyer Liqada 52-ci oyununa çıxan Bruno da, onun kimi 52-yə çatan Nodar Məmmədovla Yaşar Abuzərov da “Qəbələ” ilə çempionatda keçirdikləri oyun sayına görə ilk 10-luğa daxil olublar. Onlar hazırda 10-cu olan Kristian Torreslə 9-12-Cİ pillələrin şərikləridir: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hər ikisi 60, Milan Antiç – 54, Azər Həşimov – 53, Yaşar Abuzərov, Bruno da Silva, Kristian Torres, Nodar Məmmədov – hamısı 52.

- Yannik Kamanan  isə “Qəbələ”nin heyətində -  25-ci Premyer Liqa matçına çıxıb.

- “Qarabağ”ın qapısından qol keçirən Luiz Paulo Hilario “Qəbələ”nin formasında 11-ci qolunu vurub. O, klub tarixinin ən yaxşı bombardirləri siyahısında 6-cı olan Rəşad Yusubova çatıb: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hər ikisi 12, Luiz Paulo Hilario, Rəşad Yusubov – hər ikisi 11, Samir Zərgərov, Viktor Mendi, Yannik Kamanan – hamısı 10. 

- “Qəbələ”dəki 11 qoldan 10-nu Premyer Liqada vuran Luiz çempionatda ən azı 10 qol vuran 5-ci futbolçu olub: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hər ikisi 11, Luiz Paulo Hilario, Yannik Kamanan – hər ikisi 10.