«Nəticə çox vacibdir»
Xəbərlər / 23 Avqust 2015 | 19:37174
«Nəticə çox vacibdir»

Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Kəpəz” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Futbolçularımız çalışırdı ki, müdafiədən hücuma daha yaxşı keçsinlər. Buna cəhdlər var idi. Amma bu, texniki cəhətdən alınmırdı. Həm AZAL, həm də “Kəpəz”lə oyunda bəzi futbolçulara şans verib, heyətdə dəyişikliklər etdik. Çünki avrokuboklarda oynamayanlara da imkan vermək lazımdır. Legioner limitinin də olması üzündən avrokubok və çempionatda fərqli heyətlərlə oynayırıq. Vojislav Stankoviçə istirahət, Vitali Verniduba oynamaq şansı vermək və ya bu cütün birlikdə çıxış etməsinə imkan yaratmaq lazım idi. Bir oyunla onların anlaşmasında ciddi dəyişiklik olmayacaqdı. Başqa üslubda çıxış edən “Kəpəz”lə matçda buna ehtiyac da yox idi. Çünki onların hər ikisini yaxşı tanıyıram. Bu müdafiəçilərin bir yerdə oynamasındansa, birinə istirahət verilməsi daha məqsədəuyğun idi”.
Qriqorçuk UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 27-də Yunanıstanda “Panatinaikos”a qarşı keçiriləcək cavab oyunu haqda da danışıb: “Bu oyun haqda danışarkən ümid etmək ifadəsinin inamla əvəz olunmasını istərdim. Əsas işimizin düzgünlüyünə inanmaq, əmin olmaqdır. İnam olmadan inkişaf edib, irəliləmək çətindir. Biz də işimizə inanırıq. İnamımız da bizi yanıltmayıb. Bu da nəticədə əksini tapanda daha yaxşı olur. Bura qədər hər şey istədiyimiz kimi alınıb. Pley-offda güclü komanda ilə qarşılaşırıq. İlk qarşılaşmada biz yaxşı oynasaq da, rəqib istədiyimiz, bacardığımız futbolu tam göstərməyə imkan vermədi. Rəqib zəif olanda istədiyin oyunu nümayiş etdirə bilirsən, amma əks tərəfdə daha güclü komanda mübarizə aparanda belə asan olmur. İndi bizim üçün nəticə çox vacibdir. Oyun planında irəliləyiş üçün vaxtımız olacaq. Amma cavab oyununda istənilən futbolla qalib gəlib, nəticə qazanmaq çox vacibdir. “Panatinaikos”la eyni yüksək tempdə oynamaq çətindir. İlk oyun da bunu göstərdi. Nəzərə almalıyıq ki, biz komandanın indiki heyətini iki ay əvvəl yığmışıq, “Panatinaikos” isə illərlə formalaşan kollektivə malikdir”.