UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun “Qəbələ” – PAOK (Yunanıstan) oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Öz oyununu nümayiş etdirərək rəqibi üstələmək çətindir. Biz nəticə əldə etməyə çalışmalıyıq. İlk turdakı rəqibimizi yaxşı təhlil etmişik. Yunanıstan klubu haqda demək olar ki, hər şeyi bilirik. Bu komandaya baş məşqçinin yeni gəldiyini nəzərə alırıq. Bu klubda baş verənlərə əsasən demək olar ki, onlar komandanı formalaşdırmaq üçün hələ axtarışlarını davam etdirir. Hələlik əldə etdiyimiz məlumatla kifayətlənsək də, yeniliklər olacağına da hazırıq. UEFA Avropa Liqasından əvvəl komandamızda yeni oyunçular olduğundan bizə zaman lazım idi. Çünki bu müddətdə oyunçular bir-birini yaxşı başa düşəcəkdi. Artıq indi komandamız əvvəlkindən daha yaxşı, hazırlıqlı vəziyyətdədir. Düşünürəm ki, Yunanıstan klubları ilə oynayarkən köklənmədə fərq yoxdur. Pley-offda mərhələ adlamaq üçün oynayırdıqsa, qrupda xal qazanmaqdan ötrü mübarizə aparacağıq. Komandamızda Rafael Santosdan başqa hər kəs qarşılaşmaya hazırdır. Yeni transferlərin də hazırlığını 100 faizlə dəyərləndirmək olmaz. Lakin onların sabah meydana çıxması istisna deyil. Biz 3 oyun səfərdə, 3-nü isə evdə oynayacağıq. “Borussiya” kimi komandanın Azərbaycana gəlməsi ilə fəxr etməliyik. Çünki bu cür böyük komanda rəqib kimi Bakıya gələcək. “Tottenhem”, “Borussiya” kimi komandaların ölkəyə gəlməsi Azərbaycan futbolu üçün bayramdır. Həm daxili yarışlarda, həm də beynəlxalq miqyasda uğurlu çıxış etmək üçün klubun 4 mərkəz müdafiəçisi olmalıdır. Ruslan Abışova qədər komandamızda 3 belə oyunçu var idi. Bu üzdən qərara gəldik ki, komandaya daha bir mərkəz müdafiəçisi gətirək”.