Topaz Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın məşqçisi Mixaylo Savkanın mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qələbə qazandığımız üçün sevinirik. İlk yarıda hesabı artırmaq üçün xeyli qol imkanı da yaratdıq. Çempionatın sonunda bütün komandalar xal hesabını artırmaq istəyir. Bu üzdən hər oyun çətin olur. Nəticədən razı qaldıq. İlk yarıda imkanlardan istifadə etsəydik, hesabı artırıb, oyunu sakit tərzdə sona çatdıra bilərdik. Lakin bir az uğur çatmadı ki, imkanı qola çevirək. Deməzdim ki, qələbəni çətinliklə əldə etdik. İlk yarıda əldə etdiyimiz 3-4 qol imkanından yararlansaydıq, matçın taleyini fasiləyədək həll etmiş olardıq. “Xəzər Lənkəran”ın isə qapımız önündə real qol vəziyyəti yaratdığını xatırlamıram”.