"Qəbələ" İdman Klubunun və Azərbaycanın karatedə medal ümidlərindən olan Niyazi Əliyev Avropa Oyunlarını bürünc medalla tamamlayıb. Yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verən təmsilçimiz qarşılaşmasını 2:0 hesabı ilə qalib bitirib. Niyazi ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib.
Karateçimiz yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş Əliyevin məğlubiyyəti ilə yekunlaşıb - 1:4. Buna baxmayaraq, o, yarışı mükafatla başa vurub. Niyazi bürünc medal uğrunda döyüşdə almaniyalı Rikardo Gieglerə güzəştə getməyib - 3:1.