İyunun 21-də Bakı Kristal Zalında baş tutacaq “UFC Fight Night” turnirinə qatılacaq döyüşçülərin iştirakı ilə açıq məşq və mətbuat konfransı keçirilib.
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Tofiq Musayev də tədbirdə iştirak edib. Təcrübəli idmançımız döyüşə hazırlığını qiymətləndirib: “UFC-də iştirak etmək hər döyüşçünün arzusudur. Bakıda qarşılaşacağım rəqibimi yaxşı təhlil etmişəm. Bu döyüşdə də ölkəmi layiqincə təmsil etməyə çalışacam. Yaş mənim üçün, sadəcə, bir rəqəmdir. Bu haqda düşünsəydim, UFC-yə gəlməzdim".
Musayev Bakıdakı turnir və rəqibi barədə də fikirlərini bildirib: “Mənə layiq döyüşçüdür. Həmişə güclü rəqiblərlə mübarizə aparmaq istəmişəm. Öz döyüşümü göstərmək niyyətindəyəm. Rəqib də məni ciddiyə almalıdır. Biz bir-birimizə layiq rəqibik. Daha güclü rəqiblərdən də imtina etmərəm".
Qeyd edək ki, Musayev Qırğızıstan idmançısı Mıktıbek Orolbai ilə qarşılaşacaq.