Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri Nəriman Abbasov, Tofiq Musayev və Vüqar Kərəmov noyabrın 4-də “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turnirində qüvvələrini sınayacaqlar. Milli Gimnastika Arenasında keçiriləcək döyüşlər öncəsi idmançıların iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Nəriman Abbasov rusiyalı Ali Abdulxalikovla döyüş barədə fikirlərini bildirib: “Möhtəşəm döyüş və gözəl qələbə olacaq. Döyüş günü Azərbaycanda ab-hava Yaponiyadakından heç də geri qalmayacaq. Təkcə mən yox, Azərbaycanın bütün idmançıları yarışa hazırdırlar. Rəqibim yaxşı idmançıdır, ayaq üstə döyüşməyi sevir. Maraqlı döyüşümüz olacaq. Mənim də ayaq üstə döyüşməkdən xoşum gəlir. Ümumiyyətlə, asan döyüş olmur. Hər an hər şey baş verə bilər. Sürətli döyüş olacaq. Yalnız qələbə barədə düşünürəm. Özümü favorit sayıram. Maraqlı təklif olsa, başqa versiyalarda da vuruşaram. UFC-yə qayıtmaq şansım var”.
Tofiq Musayev yaponiyalı Toji Takeda ilə qarşılaşmanın “Rizin”də son döyüşü olduğunu açıqlayıb: “UFC ilə müqavilə bağlasam da, vida döyüşüm “Rizin”də olacaq. Hazırlığımız yüksək səviyyədə keçir. Yarışa tam hazırıq. Rəqibim “Rizin”in Top-5-ində olan idmançıdır. Amma bu heç nəyi dəyişmir. Azərbaycan publikası üçün maraqlı döyüş olacaq. Bakıda çıxış etdiyimiz üçün məsuliyyət daha böyükdür. 10 ildən çoxdur ki, Azərbaycanda döyüşmürəm. Taktikanı dəyişə də bilərik. Hətta görüş erkən də bitə bilər. Ona qarşı xüsusi planım var. Bunu da döyüş vaxtı göstərəcəyəm. İlk raunddan üstünlüyü ələ almağa çalışacağam. Rəqib döyüşlə bağlı paylaşım edib. Cavabını alacaq. Qolum da qırılsa, yalnız qələbə qazanmağı düşünəcəyəm”.
Vüqar Kərəmov yaponiyalı Çihiro Suzukiyə qarşı görüşdə qələbə vəd edib: “Suzuki şoumendir, şou yaratmağı xoşlayır. Ancaq şəklimə zərbə vura bilər. Mən isə onun şəklini yox, özünü vuracağam. Sakit dayanmalıyam. Əsəbi olsam, səhvlərə yol verə bilərəm. Suzuki ilə döyüşdə sözümü deyəcəyəm. Özümə tam güvənirəm. Azərbaycanda vuruşmaq böyük məsuliyyətdir. Heç kim öz ölkəsində uduzmaq istəməz. Hansı üslubda döyüşməyin fərqi yoxdur. Ayaq üstə də vuruşa bilərəm, lazım gəlsə, güləşdən də istifadə edərəm. Vaxtından əvvəl qələbə qazanmağa çalışacağam. “Rizin” böyük təşkilatdır. İndiyə qədər Azərbaycanda belə yarış olmayıb”.