Topaz Premyer Liqasının XV turu “Qəbələ”nin hücumçusu Yannik Kamanan üçün əlamətdar oldu. Uzun müddətdir qol vura bilməyən legioner uğursuz seriyasını “Rəvan”la səfər matçında qırdı. Komandasının 1:0 hesablı qələbəsini təmin edən Yannik 102 gündən sonra qol sevinci yaşadı. Kamanan sonuncu dəfə III turun avqustun 19-da “Sumqayıt”la səfər görüşündə fərqlənmişdi. Matçdan sonra fikirlərini açıqlayan hücumçu komandanın qələbəsinin daha vacib olduğunu söylədi:
"Qələbəyə görə sevincliyik. Çox vacib 3 xal qazandıq. Önəmli olan komandamın qələbə qazanması idi. Bunun öhdəsindən gəldik. Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdur".
Ümumilikdə “Qəbələ”nin heyətində 17-ci qolunu vuran hücumçu klub tarixində ən çox topun müəllifi olan 4-cü futbolçudur: Rövşən Əhmədov – 20, Viktor Mendi – 18, Kənan Kərimov – 18, Yannik Kamanan – 17, Luis Hilario – 16. Qollarından 16-nı çempionat oyunlarında vuran Kamanan komandanın Premyer Liqadakı 2-ci bombardiridir. O yalnız Viktor Mendidən geri qalır: Viktor Mendi – 17, Yannik Kamanan – 16, Deon Barton – 15, Luis Hilario – 14.