«Onların özlərini doğruldacağına inanırdıq»
Xəbərlər / 30 Noyabr 2020 | 20:03223
«Onların özlərini doğruldacağına inanırdıq»

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Müəyyən səbəblərə görə oyuna çox ciddi itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Oyun öncəsi  də gənclərə inandığımızı futbolçulara demişdik. Gənc oyunçulara şans versək, onların özlərini doğruldacağına inanırdıq. Komanda şəklində yaxşı və məzmunlu oyun göstərib qalib gəldik. Qol imkanlarından yararlanmamağın üzərində daim işləyirik. Məşq prosesi və oyun fərqli olur. Futbolçular matç zamanı stress altında qərar verir. Həmin epizodları yaratmaq da güc, qüvvə tələb edir. Mən istədiyim komandanı, məşqlərdə üzərində çalışdığımız elementləri meydanda da görürəm. Komanda uduzanda oyun planında iradım olmur, fərdi səhvlərə görə xalsız qalırıq. Getdikcə həmin epizodlara daha yaxşı konsentrasiya ilə yanaşıb imkanları dəyərləndirəcəyik. Rüfət Əhmədov U-21 millinin üzvüdür, akademiyamızın yetirməsidir. İyulda bizə qoşulub. Ona inanıb gətirmişik. Gənc oyunçunu tədricən əsas komandaya uyğunlaşdırmaq lazımdır. O, gələcəkdə əsas milliyə qədər yüksələ bilər. Onda bu potensial var”.