2013/14 mövsümünün ilk yarısını 2-ci pillədə başa vuran “Qəbələ”nin qış fasiləsini hazırlıq məqsədilə Türkiyədə keçirəcəyi barədə məlumat vermişdik. Artıq qonşu ölkədə olan "qırmızı-qaralar" Türkiyəyə ilk dəfə 2006-cı ilin yayında qədəm qoyub. Bununla "Qəbələ" 10-cu dəfədir ki, təlim-məşq toplanışı üçün Antalyaya üstünlük verir. Bundan başqa Avstriya, Sloveniya və İngiltərədə də hazırlıq keçirən komanda indiyədək 9 dəfə Türkiyədə toplanışda olub. 6-cı dəfə qışda qonşu ölkəyə yollanan komanda burada ümumilikdə 38-i xarici klublarla olmaqla 40 qarşılaşmada qüvvəsini sınayıb. Daha 2 matçda isə “Qəbələ” “Neftçi” ilə görüşüb.
Ümumilikdə isə ölkə xaricində 51-i əcnəbilərlə olmaqla 53 yoxlama matçına çıxan “qırmızı-qaralar” bu dəfə daha 6 görüşdə qüvvəsini sınayacaq. 2-si Qəbələdə, 5-i xaricdə olmaqla 53 dəfə xarici klubları sınağa çəkən “Qəbələ” bu ilin yanvarında 6 oyuna çıxacaq.
Bu qədər çox oyunun keçirilməsi 1 il əvvəlki rekordun təkrarıdır. Digər toplanışlarda isə komanda 3-5 matçla kifayətlənirdi. Bu dəfəki 6 qarşılaşmadan dördündəki rəqib artıq bəllidir. Onlardan biri – “Konyaspor”la “Qəbələ” 2008-ci ilin yayında da qarşılaşmışdı. 6 il əvvəlki görüşdə qapılara qol vurulmamışdı. Bu matç Türkiyə təmsilçiləri ilə yubiley – 15-ci yoxlama oyunu olacaq. Bunadək 7 qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqində isə təmsilçimiz böyük üstünlüyə malikdir – 28:11. Rəqiblər arasında isə “Trabzonspor” və “Gənclərbirliyi” kimi tanınmış klublar da olub. Düzdür, hələ rəqibin dəqiqləşmədiyi tarixdə - yanvarın 10-da Türkiyə komandası ilə matç baş tutsa da, yubiley ertələnəcək.
Yanvarın 13-də “Tobol”, 1 həftə sonra Semipalatinsk “Spartak”ı ilə görüşəcək “Qəbələ” indiyədək Qazaxıstan klubları ilə 2 dəfə görüşüb. Komandamız həm “Taraz” (0:1), həm də “Atırau”ya (1:2) uduzub.
“Volqa” isə “qırmızı-qaralar”la görüşəcək 4-cü Rusiya klubu olacaq. Əvvəlki 3 matçda “Qəbələ” məğlub olmayıb. Təmsilçimiz 1 qələbə qazanıb 2 heç-heçə etdiyi görüşlərdə 4 top vuraraq 3-nü buraxıb.