Azərbaycan Premyer Liqasının IX turunun “Keşlə” – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Fikrimiz Ordumuzun yanındadır, yeni uğurlar, xəbərlər gözləyirik. İnanırıq ki, Ordumuz xalqımızı sevindirəcək. Oyuna gəlincə, fərqli hissələr gördük. İlk hissədə dominant futbol nümayiş etdirdik, çoxsaylı qol epizodları yaratdıq. Əfsuslar olsun ki, dəyərləndirə bilmədik. Komanda meydanda istəyimə uyğun hər şeyi etməyə çalışır. Oyundan-oyuna komandada inkişafı görürəm. Asif Məmmədov təcrübəli futbolçudur. Oyunun tempini artıra-azalda bilir. Hücumları aktiv etmək üçün onu Stefan Vukçeviçlə əvəzlədik. İkinci hissə emosiyalı keçdi. Nəticə belə olmamalı idi. Epizodları dəyərləndirməyəndə, rəqibə şans verirsən. Rəqib öz şanslarını dəyərləndirdi. Oyundakı imkanlara baxsaq, bəlkə də rəqibdən iki dəfə çox epizod yaratmışıq”.