“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasında növbəti oyununu keçirib. Yarımmüdafiəçimiz Çinin Nannin şəhərində keçirilən “China cup 2017” turnirinin III yer uğrunda matçının iştirakçısı olub. İlk oyunlarında uduzan Çin və Xorvatiya yığmalarının oyununda heç-heçə qeydə alınıb – 1:1. Üçüncü yerin taleyinə oyunsonrası penaltilər seriyası aydınlıq gətirib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində meydana daxil olan Filip Ozobiç bu seriyada 2-ci penaltini qola çevirib. Lakin 3:4 hesabı ilə uduzan Xorvatiya millisi turnirdə 4-cü yeri tutub.
Xatırladaq ki, millidə 2 oyun keçirən Ozobiçin ölkəsinin əsas yığmasına debütü də bu turnirdə gerçəkləşib. O, Çili yığması ilə görüşdə start heyətində meydana çıxıb. Yarımmüdafiəçimizin 57-ci dəqiqədə əvəzləndiyi görüş də 1:1 hesabı ilə başa çatdığından həmin matçda da penaltilər seriyasına ehtiyac duyulmuşdu. 3 gün öncə keçirilən matçda cənubi amerikalılar üstün olmuşdu – 4:1.