Topaz Premyer Liqasının XXV turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib. Bu, “qırmızı-qaralar”ın tarixində 48-ci böyükhesablı qələbədir. 3 və ya daha çox top fərqinin qeydə alındığı bu qarşılaşmalardan 27-si Premyer Liqada qeydə alınıb. Cari mövsümdə 3-cü belə uğuruna imza atan komandamız 2017-ci il noyabrın 25-də səfərdə “Kəpəz”i 6:1, dekabrın 3-də evdə “Keşlə”ni 3:0 hesabı ilə məğlub edib. 2018-ci ildə ilk böyükhesablı qələbəni bayram edən “Qəbələ” öz meydanında ümumilikdə 31-ci, Premyer Liqa matçlarında 16-cı dəfə belə fərqlə qalib gəlib.
“Kəpəz”lə oyunda hesabı açan Filip Ozobiç “Qəbələ”nin heyətində özünün yubiley qolunu vurub. Xorvatiyalı yarımmüdafiəçi 25-ci qoluna sevinib. Buna özünün 71-ci matçında nail olan Filip klub tarixinin bombardirləri siyahısında 4-cüdü. O, yalnız Viktor Mendi (33), Dodo (30) və Baqali Dabodan (26) geri qalır.
Komandamızın kapitanı Cavid Hüseynov “qırmızı-qara” formada 18-ci qolunu vurmaqla Kənan Kərimov və Aleksey Qaya çatıb. Bu “üçlük” 7-ci yerə şərikdi.
Qol sayını 11-ə çatdıran Stiven Monroz isə Ruslan Qurbanovla Rəşad Yusubova çatıb. Onlar 17-19-cu yerlərdə qərarlaşıb.
Gəncə təmsilçisi ilə qarşılaşma həm də Cavidin “Qəbələ”nin formasında Premyer Liqada keçirdiyi 60-cı oyun olub. O, ən azı bu qədər matça çıxan 17-ci futbolçudur. Çempionatda 13 qola sevinən kapitan bu göstəricidə 9-cudur. Premyer Liqada 16-cı dəfə rəqib qapısına yol tapıb, Yannik Kamanana çatan Ozobiç isə 4-cü yerə şərikdir. Monroz isə Sergey Zenyov, Fərzad Hatəmi və Lorenso Ebesilio ilə eyni qədər - 8 qol vurub və 14-cü sıradadır.