Misli Premyer Liqasının XIII turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis qarşılaşma haqda fikirlərini bildirib:
“Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Bir gün əvvəl klub prezidenti ilə görüşümüz oldu. Orda geniş müzakirələr apardıq və söz verdik ki, bu oyunda əlimizdən gələni edəcəyik. Həqiqətən də, futbolçularım mübarizə apardılar, ürəklə oynadılar. Oyuna gəlincə, bir qədər gərgin başladıq. “Araz-Naxçıvan” çox güclü komandadır. Fərdi olaraq çox keyfiyyətli oyunçuları var. Oyunun əvvəlində bir az həyəcan var idi. Top itkilərimiz çox olurdu. İlk qolu vurduqdan sonra isə bir qədər rahatlaşdıq. Bir neçə qol epizodlarından da istifadə edə bilmədik. Standart vəziyyətdən yenə qol buraxdıq. Fasilədə komanda ilə danışdıq və ikinci hissədə demək olar ki, rəqibin real şansları olmadı. Müdafiədə çox diqqətli oynadıq. Onlar daha çox cinahlardan hücumlar edir və uzaqdan zərbələr vururdular. Biz də çox qol imkanları qazanırdıq. Təəssüf ki, bundan istifadə edə bilmirdik. Oyunun sonları bir qədər gərgin keçdi. Meydana sonradan daxil olan futbolçularımız çox yaxşı təsir bağışladılar. Bu oyundan sonra gördüm ki, potensialımız daha çoxdur. Düzdür, qələbə qazandıq. Amma bununla kifayətlənmək olmaz. Əsas odur ki, bu matçdan düzgün nəticə çıxaraq və qələbələrin davamı gəlsin”.