“Qəbələ” Topaz Premyer Liqasında özünün 11-ci mövsümünə start verir. Bu gün başlayan 2016-2017-ci illər mövsümündə ilk oyununa avqustun 8-də çıxacaq “qırmızı-qaralar” “Kəpəz”i qəbul edəcək. Bakıdakı “Dalğa Arena”da keçiriləcək görüşlə “Qəbələ” 11-ci dəfə medallar uğrunda mübarizəyə qoşulacaq.
I dəstənin qalibi olduqdan sonra Premyer Liqaya yüksələn komandamız güclülər dəstəsində 2006-cı ildə debüt edib. 10 il əvvəl baş tutan debüt 2006-2007 mövsümü çərçivəsində baş tutub.
Arxada qalan 10 mövsümdə 308 oyun keçirən “Qəbələ” 124 qələbə qazanıb, 77 heç-heçə edib, 107 dəfə uduzub. 358 qol vuran futbolçularımız 329-nu buraxıb. Həm evdə, həm səfərdə 154 matçda qüvvəsini sınayan “qırmızı-qaralar” öz meydanında daha uğurlu çıxış edib: 67 qələbə, 41 heç-heçə, 46 məğlubiyyət. Top fərqi 190-137-dir. Səfərdə 57 qələbə, 36 heç-heçə və 61 yenilgisi olan klubumuz 168 qol vurubsa, 192 dəfə rəqibləri fərqlənib. Evdə 242 xal qazanan komandanın səfərdəki qəniməti 207-yə bərabər olub.
2006-2007 | 24 | 4 | 4 | 16 | 17-47 | 20 | XI yer |
2007-2008 | 26 | 11 | 3 | 12 | 33-36 | 36 | VI yer |
2008-2009 | 26 | 9 | 6 | 11 | 28-21 | 33 | X yer |
2009-2010 | 32 | 13 | 10 | 9 | 36-36 | 49 | VI yer |
2010-2011 | 32 | 13 | 12 | 7 | 31-18 | 51 | VII yer |
2011-2012 | 32 | 15 | 7 | 10 | 43-32 | 52 | V yer |
2012-2013 | 32 | 10 | 8 | 14 | 32-40 | 38 | VI yer |
2013-2014 | 36 | 18 | 7 | 11 | 48-36 | 61 | III yer |
2014-2015 | 32 | 15 | 9 | 8 | 46-35 | 54 | III yer |
2015-2016 | 36 | 16 | 11 | 9 | 44-28 | 59 | III yer |
Son mövsümlərdə ardıcıl 3 bürünc medal qazanan komanda 11-ci cəhddən daha yüksək əyarlı mükafat üçün mübarizə aparacaq. Bundan başqa, daha 4 dəfə “altılıq”da yer alan “Qəbələ” yalnız 3 dəfə turnir cədvəlinin ikinci yarısında qərarlaşıb.
10 çempionat ərzində 186 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Bu oyunçular arasında mütləq rekord Dodoya məxsusdur – 131 oyun. Onun kimi Viktor Mendi (112) və Ürfan Abbasov (107) da 100-dən artıq oyun keçiriblər. Ən çox qarşılaşmaya çıxan 10 futbolçu arasında Samir Zərgərov (95), Pavel Doroşev (90), Abdulkader Kamara (88), Lyubo Baranin (85), Vurğun Hüseynov (65), Rafael Santos (63) və Yannik Kamanan (62) yer alıblar.
“Qəbələ”nin qollarına 80 futbolçu imza atıb. Onlardan başqa, 8 rəqib oyunçu da komandamızla görüşlərdə avtoqol müəllifi olub. “Qırmızı-qaralar”ın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Yannik Kamanan 16 dəfə rəqib qapısına yol tapıb. Deon Barton (15), Aleksey Qay (14), Daniel Subotiç (12), Cavid Hüseynov, Kənan Kərimov, Vitali Balamestnı (hərəsi 11) və Samir Zərgərov (10) da 10 və daha çox qol vurub, ilk “onluq”da qərarlaşıblar.
“Qəbələ” 10 mövsüm ərzində 9 baş məşqçinin rəhbərliyi altında çempionat oyununa çıxıb. Son iki mövsümdə komandaya bürünc medal qazandıran ukraynalı Roman Qriqorçuk 52 matçda bu postda olub ki, bu, klub tarixində 2-ci göstəricidir. Rekord 118 matçda bu vəzifədə olan Ramiz Məmmədova məxsusdur. İngiltərəli Toni Adams 44, ilk bürünc medalı qazandıran rusiyalı Yuri Syomin 36, türkiyəli Fatih Kavlak 26, rumıniyalı Dorinel Muntyanu 13 qarşılaşmada baş məşqçi olub. Faiq Cabbarovla Luis Araqon hərəyə 8, Sənan Qurbanov 3 görüşdə “qırmızı-qaralar”a rəhbərlik edib.
Xatırladaq ki, “Qəbələ” 10 mövsüm ərzində 22 müxtəlif rəqiblə qarşılaşıb.