Sabah Azərbaycan Premyer Liqasında 2022-2023-cü illər mövsümü başlayacaq. 31-ci ölkə çempionatında iştirak edəcək “Qəbələ” 17-ci mövsümünə start verəcək. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” indiyədək 16 çempionatda qüvvəsini sınayıb. “Qəbələ” bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Əvvəlki 16 mövsümdə komandamız 468 matça çıxıb. Bu görüşlərdə 183 qələbə qazanan “Qəbələ” 157 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 158 dəfə məğlubiyyətlə üzləşib. 566 qol vuran futbolçularımız 522 top buraxıb.
Komandamız evdə və səfərdə eyni sayda – 234 oyun keçirib. Öz meydanında 102 qələbəsi olan “qırmızı-qaralar” 70 dəfə heç-heçə edib. 62 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 303 top keçirib və 218-nı buraxıb.
Səfərdə 81dəfə üç xal əldə edən futbolçularımız rəqib meydanlarında 57 sülhə imza atıb. 96 dəfə səfərdən xalsız dönən “Qəbələ” 263 qol vurub, 304-nü buraxıb.
2006/07 | 24 | 4 | 4 | 16 | 17-47 | 20 | XI yer |
2007/08 | 26 | 11 | 3 | 12 | 33-36 | 36 | VI yer |
2008/09 | 26 | 9 | 6 | 11 | 28-21 | 33 | X yer |
2009/10 | 32 | 13 | 10 | 9 | 36-36 | 49 | VI yer |
2010/11 | 32 | 13 | 12 | 7 | 31-18 | 51 | VII yer |
2011/12 | 32 | 15 | 7 | 10 | 43-32 | 52 | V yer |
2012/13 | 32 | 10 | 8 | 14 | 32-40 | 38 | VI yer |
2013/14 | 36 | 18 | 7 | 11 | 48-36 | 61 | III yer |
2014/15 | 32 | 15 | 9 | 8 | 46-35 | 54 | III yer |
2015/16 | 36 | 16 | 11 | 9 | 44-28 | 59 | III yer |
2016/17 | 28 | 14 | 10 | 4 | 46-21 | 52 | II yer |
2017/18 | 28 | 14 | 7 | 7 | 43-26 | 49 | II yer |
2018/19 | 28 | 9 | 9 | 10 | 31-33 | 36 | IV yer |
2019/20 | 20 | 5 | 4 | 11 | 25-35 | 19 | VIII yer |
2020/21 | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | VII yer |
2021/22 | 28 | 12 | 9 | 7 | 38-34 | 45 | IV yer |
Cəmi | 468 | 183 | 127 | 158 | 566-522 | 676 |
|
16 mövsümdə “Qəbələ”nin formasını 246 futbolçu geyinib. Onlardan yeddisi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 203, Asif Məmmədov – 152, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Cavid Hüseynov – 107.
“Qəbələ”nin qollarına 120 futbolçu imza atıb. 13 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandamızın Premyer Liqadakı bombardiri Viktor Mendi 29, Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. Yannik Kamanan və Filip Ozobiç hərəyə 16, Cavid Hüseynov, Deon Barton, Daniel Subotiç və Stiven Monroz hərəyə 15 dəfə fərqlənib.
“Qırmızı-qaralar”a Premyer Liqadakı 16 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. Elmar Baxşıyev 73 çempionat qarşılaşmasında komandanın sükanı arxasında olub.