Bu həftə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünə start veriləcək. “Qəbələ” 34-cü ölkə çempionatında mübarizəyə I turun ilk günündə başlayacaq. “Qırmızı-qaralar” avqustun 15-də “Karvan-Yevlax”ın qonağı olacaq.
“Qəbələ” bu oyunla özünün Premyer Liqada 19-cu mövsümünə start verəcək. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” ardıcıl 18 çempionatda qüvvəsini yüksək dəstədə sınayıb.
Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan “Qəbələ” bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Əvvəlki 18 mövsümdə komandamız 540 matça çıxıb. Bu görüşlərdə 203 qələbə qazanan “Qəbələ” 143 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 194 dəfə məğlubiyyətlə üzləşib. 643 qol vuran futbolçularımız 633 top buraxıblar.
Komandamız evdə və səfərdə eyni sayda – 270 oyun keçirib. Öz meydanında 115 qələbəsi olan “qırmızı-qaralar” 75 dəfə heç-heçə edib. 80 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 342 top keçirib və 266-nı buraxıb.
Səfərdə 88 dəfə üç xal əldə edən futbolçularımız rəqib meydanlarında 68 sülhə imza atıb. 114 dəfə səfərdən xalsız dönən “Qəbələ” 301 qol vurub, 367-ni buraxıb.
| 2006/07 | 24 | 4 | 4 | 16 | 17-47 | 20 | XI yer |
| 2007/08 | 26 | 11 | 3 | 12 | 33-36 | 36 | VI yer |
| 2008/09 | 26 | 9 | 6 | 11 | 28-21 | 33 | X yer |
| 2009/10 | 32 | 13 | 10 | 9 | 36-36 | 49 | VI yer |
| 2010/11 | 32 | 13 | 12 | 7 | 31-18 | 51 | VII yer |
| 2011/12 | 32 | 15 | 7 | 10 | 43-32 | 52 | V yer |
| 2012/13 | 32 | 10 | 8 | 14 | 32-40 | 38 | VI yer |
| 2013/14 | 36 | 18 | 7 | 11 | 48-36 | 61 | III yer |
| 2014/15 | 32 | 15 | 9 | 8 | 46-35 | 54 | III yer |
| 2015/16 | 36 | 16 | 11 | 9 | 44-28 | 59 | III yer |
| 2016/17 | 28 | 14 | 10 | 4 | 46-21 | 52 | II yer |
| 2017/18 | 28 | 14 | 7 | 7 | 43-26 | 49 | II yer |
| 2018/19 | 28 | 9 | 9 | 10 | 31-33 | 36 | IV yer |
| 2019/20 | 20 | 5 | 4 | 11 | 25-35 | 19 | VIII yer |
| 2020/21 | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | VII yer |
| 2021/22 | 28 | 12 | 9 | 7 | 38-34 | 45 | IV yer |
| 2022/23 | 36 | 13 | 11 | 12 | 47-47 | 50 | IV yer |
| 2023/24 | 36 | 7 | 5 | 24 | 30-64 | 26 | X yer |
| Cəmi | 540 | 203 | 143 | 194 | 643-633 | 752 |
18 mövsümdə “Qəbələ”nin formasını 271 futbolçu geyinib. Onlardan 10-u 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 248, Asif Məmmədov – 197, Dodo - 131, Murad Musayev – 119, Ülvi İsgəndərov – 118, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Cavid Hüseynov – 107, Rövlan Muradov - 100.
“Qəbələ”nin qollarına 131 futbolçu imza atıb. 16 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandamızın Premyer Liqadakı bombardiri Viktor Mendi 29, Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İsnik Alimi və Ülvi İsgəndərov hərəyə 17, Yannik Kamanan və Filip Ozobiç hərəyə 16, Cavid Hüseynov, Rafael Utziq, Deon Barton, Daniel Subotiç və Stiven Monroz hərəyə 15 dəfə fərqlənib.
“Qırmızı-qaralar”a Premyer Liqadakı 18 mövsümdə 11 baş məşqçi rəhbərlik edib. Elmar Baxşıyev 132, Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub.