Premyer Liqada 50-ci oyun
Xəbərlər / 24 Aprel 2023 | 14:391559
Premyer Liqada 50-ci oyun

“Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatında 50-ci oyununu keçirib. İordaniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXI turuna təsadüf edib. 24 yaşlı legioner “Sumqayıt”la səfər görüşündə sonradan meydana daxil olub.

Omar “qırmızı-qaralar”ın 0:2 hesabı ilə geridə olduğu matçda komandamızın ilk qolunu vurub. Yubiley matçındakı bu topdan sonra daha iki dəfə fərqlənən “Qəbələ” geridönüşlə 3 xal qazanıb – 3:2.

Hani Premyer Liqada 2021-ci il sentyabrın 11-də “Sabah”la səfər matçında (2:0) debüt edib. O, ötən mövsüm 21, cari çempionatda 29 dəfə meydana çıxıb. İordaniyalı futbolçu bu qarşılaşmalarda 3 qola imza atıb.

Xatırladaq ki, Omar “Qəbələ”nin forması ilə Premyer Liqada 50 və daha çox oyun keçirən 36-cı futbolçudur.