Prezident İlham Əliyev klubumuzun stadion və təlim-məşq bazasında olub
Xəbərlər / 18 Noyabr 2011 | 20:001095
Prezident İlham Əliyev noyabrın 18-də “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, əsas stadionun, məşq bazasının və “Qəbələ” Futbol Akademiyasının inzibati binasının tikintisi kompleks şəkildə aparılır. Bunun üçün 7 hektar torpaq sahəsi ayrılıb.
Klubun 15 min yerlik əsas stadionunun tikintisi ən yüksək standartlara uyğun aparılacaq. Hazırda klub ev oyunlarını 4 min tamaşaçı yeri olan stadionda keçirir. Tikiləcək əsas stadionla yanaşı, kompleksdə əlavə 6 meydança da fəaliyyət göstərəcək. Beşi təbii, biri isə süni örtüklü olan stadionlardan dördü artıq istifadəyə verilib.
Prezidentə “Qəbələ” Futbol Akademiyasının yeni binasında aparılan tikinti işləri barədə də məlumat verilib. İnşaat işləri ilə paralel olaraq “Qəbələ” klubunun uşaq futbol bölmələrinə seçimlər də aparılıb. Hazırda akademiyada 200-dək uşaq təlim keçir.