«Qazandığımız təcrübə «Qəbələ»yə faydalı olacaq»
Xəbərlər / 29 Mart 2013 | 12:13313
Futbol və digər idman növləri qədər əməkdaşlarının ölkə xaricində təkmilləşməsinə də xüsusi diqqət ayıran “Qəbələ” Futbol Klubunun meydançalar və ot üzrə mütəxəssisləri – Orxan Yunusov və Ruslan Abdullayev bu yaxınlarda İstanbulda təcrübədə olublar. Türk Telekom Arena və Recep Tayyip Erdoğan adına Kasımpaşa stadionunun ot örtükləri ilə bağlı praktiki məşğələlərdə iştirak edən əməkdaşlarımız qazandıqları təcrübənin həm onların gələcək karyerasında, həm də “Qəbələ” meydançalarının daim ideal vəziyyətdə olmasında önəmli rol oynayacağını vurğulayıblar. Orxan Yunusov gabalafc.az-a açıqlamasında səfərin təfərrüatları barədə danışıb:
“Biz qardaş ölkəyə daha öncə “Qəbələ” Futbol Klubunda çalışmış, hazırda İstanbulda fəaliyyət göstərən Filip Şarplesin dəvəti ilə yollandıq. “Galatasaray”ın oyunlarını keçirdiyi Türk Telekom Arenada və Recep Tayyip Erdoğan adına Kasımpaşa stadionunda təcrübə keçdik. Səfər müddətində sözügedən stadionlarda istifadə edilən yeni texnikalar və onların fəaliyyət mexanizmi ilə tanış olduq. TT Arenada gün işıqlarını əvəz edən süni işıqlandırma qurğularının qoşulması qaydaları və bu qurğuların otun inkişafındakı müstəsna rolu barədə məlumatlar aldıq. Toxumun səpilməsindən sonra onun cücərməsini və inkişafını sürətləndirən xüsusi örtüklərin istifadəsini öyrəndik. Sonda mənə və Ruslana bu sənətin sirlərini öyrədən Filip Şarples yeni məhsullar barədə bizi məlumatlandırdı. Qazandığımız təcrübə gələcək karyeramızda mühüm rol oynayacaq və “Qəbələ”yə faydalı olacaq”.