«Qəbələ» - 17!
Xəbərlər / 1 Sentyabr 2022 | 11:03247
«Qəbələ» - 17!

Bu gün “Qəbələ” İdman Klubunun 17 yaşı tamam olur. 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. 

Klub bundan dörd gün sonra -2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçib. 2005-2006-cı illər mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edən klubun adı 2006-cı ilin əvvəlində dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya vəsiqə qazanıb.

2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” PFK adını “Qəbələ” PFK adına dəyişdirib. 

Premyer Liqada 17-ci mövsümünü keçirən klub bu müddətdə dəfələrlə mükafatçılar sırasında yer alıb. 2016-2017 və 2017-2018-ci illər mövsümlərində çempionatın gümüş mükafatını əldə edən “Qəbələ” 2013-2014, 2014-2015, 2015-2016-cı illər mövsümlərində bürünc medal qazanıb. “Qəbələ”nin futbolçuları iki dəfə Azərbaycan çempionatının bombardiri adına yiyələnib. 2016-2017 mövsümündə Filip Ozobiç 11, 2017-2018 mövsümündə isə Baqali Dabo 13 topla mükafata sahib çıxıb. Komandanın uğurları ölkə kubokunda da əksini tapıb. 2018-19-cu illər mövsümünün final matçında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ilk tituluna yiyələnib. “Qırmızı-qaralar” 2013-2014, 2016-2017, 2017-2018-ci illər mövsümlərində kubokun finalına qədər irəliləyib.

2014-cü ilin yayında avrokuboklarda debüt edən komandamız ümumilikdə 7 dəfə qitəmiqyaslı turnirdə qüvvəsini sınayıb. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk və yeganə klub kimi düşən “Qəbələ” 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup həyəcanı yaşayıb. Komandamız növbəti mövsümdə də eyni uğura imza ataraq turnirin tarixində ardıcıl iki dəfə 4 mərhələ adlayan ilk iştirakçı olub. 

“Qəbələ” aşağı yaş qruplarından olan komandalar üçün də baza klublarından birinə çevrilib. Əsasən bu yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klubumuz ölkənin əsas millisində də təmsil olunub. Həmçinin, futbolçularımız müxtəlif ölkələrinin yığmalarında da çıxış edib. Üç futbolçumuz - Rəşad Sadiqov, Tellur Mütəllimov, Elvin Camalov U-21 millisinin heyətində İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Azərbaycanın əsas yığmasında “Qəbələ”ni onlarla futbolçu təmsil edib. Cavid Hüseynov daha çox – 16 matça çıxıb. Mahir Şükürov “qırmızı-qara” forma geyindiyi dövrdə yığmada daha çox – 3 top vurub.

Akademiyanın müxtəlif yaş qrupları üzrə komandaları AFFA-nın təşkil etdiyi liqalarda uğur qazanıb. Dəfələrlə Azərbaycanın ən yaxşısı olan təmsilçilərimiz gümüş və bürünc medallar da əldə edib. U-19 komandamız ölkə çempionu kimi 2016-cı ildə UEFA Gənclər Liqasında debüt edib. İki ildən sonra “Qəbələ” bu turnirdə mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Bu il komandamız növbəti dəfə bu yarışa qatılacaq. U-19 Xorvatiya “Hayduk”u ilə görüşəcək.

Bundan başqa, əvəzedicilərdən ibarət komandamız da ölkə birinciliyində uğurla çıxış edib. 2015-2016-cı illər mövsümünün çempionu olan “qırmızı-qaralar” 4 gümüş və 2 bürünc medal da qazanıb. İkinci komandamız 2021-2022-ci illər mövsümündən Azərbaycan I divizionda mübarizə aparır.

Qəbələ şəhər stadionu üç dəfə Azərbaycan kubokunun final oyununa ev sahibliyi edib. Bu, 2014-2015, 2017-2018 və 2021-22-ci illər mövsümlərinə təsadüf edib. Avrokubokların təsnifat görüşlərini qəbul edən arenada əsas komandanın iştirakı ilə beynəlxalq “Jalə” kuboku, 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib. Burada Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının, həmçinin Premyer Liqa klublarının təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib.

2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. İdmançılarımız bu müddətdə Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Komandamızı Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən idmançılarımız 2-si qızıl olmaqla 5 medala sahib çıxıb. Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunlarında boksçulardan Lorenso Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medal qazanıbsa, taekvondoçu Milad Beiqi Harçeqani də 3-cü yeri tutub. Koronavirus pandemiyası üzündən təxirə salınıb, 2021-ci ildə keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarında karateçimiz Rafael Ağayev gümüş mükafata yiyələnib. 

“Qəbələ” Atıcılıq Klubu da bir sıra beynəlxalq yarışlara, o cümlədən Dünya Kubokunun final mərhələsi, Rio-de-Janeyroda keçirilən Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələlərə ev sahibliyi edib.