«Qəbələ» 3 qolla qalib gəldi
Xəbərlər / 29 Mart 2021 | 18:02285
«Qəbələ» 3 qolla qalib gəldi

“Qəbələ” – Azərbaycan U-21 – 3:2

“Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” milli komandaların görüşləri ilə bağlı Premyer Liqada yaranan fasilə dövründə ikinci sınağına çıxıb. Komandamız Azərbaycanın U-21 yığması ilə görüşüb. Baş məşqçi Elmar Baxşıyev “Bakcell Arena”dakı qarşılaşmaya aşağıdakı start heyətinə şans verib: Tərlan Əhmədli, Sadiq Quliyev, İdris İnqilablı, Yaovi Akakpo, Ştefan Vukçeviç, Asif Məmmədov, Rafael Utriq, Cavid Hüseynov, Faiq Hacıyev, Ülvi İsgəndərov, Vinko Medimoreç

Matçın ilk yarısı daha məhsuldar alınıb. Öncə Ülvi İsgəndərov, ardınca Yaovi Akakpo qol sevinci yaşayıb. Milli komanda fasiləyədək iki top vuraraq hesabda tarazlıq yaradıb. “Qəbələ” ikinci hissəyə Tərlan Əhmədli, Murad Musayev, Yurgen Qoxa, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Merab Qiqauri, Kamal Mirzəyev, Rövlan Muradov, Gülağa Əsədov, Emil Səfərov və Ceyms Adeniyidən ibarət “11-lik”lə başlayıb. Hissənin ortalarında Ceyms Adeniyi penalti zərbəsi ilə komandamızı yenidən önə çıxarıb. Hissənin gedişində “qırmızı-qaralar”ın heyətində bir neçə dəyişiklik də olub. Mehrac Baxşalı Gülağa Əsədovu, Rauf Məhərrəmov Ceyms Adeniyini, Rauf Rüstəmov isə Emil Səfərovu əvəzləyib.

Xatırladaq ki, üç gün öncə “Qəbələ” “Zirə” ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib.