Qış hazırlıq dövrünü Bakıda keçirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 5 yeni futbolçu ilə güclənib. Qıs fasiləsində heyətə cəlb olunan Fərid Haqverdiyev (yarımmüdafiəçi), Ruslan Bədəlov (müdafiəçi), Seymur Əsədov (yarımmüdafiəçi), Salman İbrahimov (hücumçu) və Pərviz Mustafayev (hücumçu) artıq “Qəbələ”nin uğurları üçün tər tökəcəklər. Bundan əlavə bir neçə Akademiya yetirməsinin də heyətə cəlb olunması gözlənilir.
Paytaxtda baş tutan təlim-məşq toplanışında futbolçuları sınaqdan keçirən məşqçi heyəti onları iş başında görmək imkanı qazanıb. Özünü yaxşı tərəfdən göstərən futbolçular heyətə cəlb olunub. Bir neçə futbolçu isə bəyənilməyərək geri göndərilib. Yanvarın 26-dan fevralın 2-dək davam edən hazırlıq dövrü ərzində komanda 3 yoxlama oyununda gücünü sınayıb. İlk qarşılaşmada “Sumqayıt”ın əvəzedicilər komandası ilə üzləşən “Qəbələ” rəqibini 4:2 hesabilə məğlub edib. Amil Yunanov (2), Salman İbrahimov və Pərviz Mustafayevin qolları komandamıza qələbə gətirib. İkinci oyunda “Qəbələ” “Rəvan”ı 2:1 hesabilə üstələyib. Komandamız son oyunda da qələbə qazanıb. Bu dəfə “İnter” meydançadan başıaşağı ayrılıb - 4:3.
Hazırda əvəzedicilər “Qəbələ”də gündəlik məşqlərlə "Simurq"la matçın hazırlıqlarını davam etdirirlər. Qeyri sabit və qarlı hava şəraitinə görə məşqlər qapalı meydançada keçirilir.