“Maynts” (Almaniya) - “Qəbələ” – 2:0
UEFA Avropa Liqası. Qrup mərhələsi
C qrupu, VI tur
8 dekabr. Saat 22:00. Maynts. “Maynts Arena” stadionu
Baş hakim: Simon Li Evans (Uels)
Baş hakimin köməkçiləri: Qaret Vin Cons, Luis Ross Edvards (hər ikisi Uels)
Əlavə köməkçi hakimlər: Brayan Markam-Cons, Nik Pratt (hər ikisi Uels)
Dördüncü hakim: Daniel Bekkett (Uels)
Hakim-inspektor: Are Habiş (Estoniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)
Qollar: Pablo De Blasis, 30, Aleksander Hak, 40
Sarı vərəqələr: Qaetan Bossmann, 65, Jairo Sampeyro, 76
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
UEFA Avropa Liqasında VI turun oyunları keçirilir. “Qəbələ”nin çıxış etdiyi C qrupunda mübarizəyə yekun vurulub. “Qırmızı-qaralar” son turda Almaniyanın “Maynts” klubu ilə qarşılaşıb. Roman Qriqorçuk ötən turun “Anderlext”lə matçı ilə müqayisədə start heyətində 3 dəyişiklik edib. Zədəli Baqali Dabo, cəzalı Rəşad Eyubov, həmçinin Rafael Santos bu dəfə heyətdə yer almayıblar. Əvəzində Vojislav Stankoviç, Rəşad Sadiqov və Sergey Zenyov ilk dəqiqələrdən oyunda olublar.
Qarşılaşmaya Bundesliqa təmsilçisi daha fəal başlayıb. Meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsə yiyələnərək, topa nəzarəti ələ alıb. Lakin “Qəbələ”nin müdafiə xətti uzun müddət etibarlılığı ilə diqqət çəkib. “Maynts” bu səddi yardıqda isə qapıçı Dmitri Bezotosnı dəqiq oynayıb. Əsasən əks-hücumlara üstünlük verən “qırmızı-qaralar”ın meydanın mərkəzini sürətlə keçmək istəyi də reallaşmayıb. Mayntsın eyniadlı təmsilçisi görüşün 30-cu dəqiqəsində istəyinə çatıb. Cərimə meydanındakı qarışıqlıqdan sonra Aleksander Hakın qüvvətli zərbəsi qarşısıalınmaz olub. Hesabı açdıqdan sonra da hücumlarını davam etdirən almaniyalılar 10 dəqiqə sonra fərqi artırıb. Bu dəfə Pablo De Blasis fərqlənib. Ardından “Qəbələ” fərqi azaltmaq imkanı qazanıb. Lakin Nika Kvekveskirinin gözəl ötürməsindən sonra əlverişli mövqeyə çıxan Ürfan Abbasov çərçivəni dəqiq nişan ala bilməyib.
İkinci hissə də eyni ssenari ilə keçib. Düzdür, Qriqorçuk Ruslan Qurbanovu da meydana buraxmaqla hücum xəttini gücləndirməyə çalışıb. Milli üzvü dərhal təhlükəli zərbə ilə yadda qalsa da, top rəqib müdafiəçilərə dəyib. “Maynts” isə hücumlarına ara vermədən müdafiə xəttimizi gərginlikdə saxlayıb. Arxa xətt oyunçularının inamlı oyunu fərqi artırmağa imkan verməyib. Üstəlik, komandamızın bir neçə hücumu yaddaqalan olub. Filip Ozobiç və Sergey Zenyovun zərbələri almaniyalılara həyəcan yaşadıb. Lakin ilk zərbə tirin üstündən keçibsə, estoniyalı uzaq küncə düşə bilməyib. Bezotosnı və müdafiə xətti isə rəqibin bütün qol vurmaq cəhdlərinin qarşısını alaraq, hesabın dəyişməsinə imkan verməyib.
Beləliklə, ardıcıl 2-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” qitə miqyaslı turnirlərdə 2016/17 mövsümünü başa vurub. Bu, komandamızın avrokuboklarda yubiley - 30-cu oyunu olub.
“Maynts”
33. Yanik Hut
2. Culio Donati
15. Con Kordoba
(36. Aaron Seydel, 81)
16. Stefan Bell (k)
17. Jairo Sampeyro
20. Fabian Fray
22. Andre Ramalyo
24. Qaetan Bossmann
25. Jan-Flipp Qbamen
(10. Yunus Mallı, 69)
32. Pablo De Blasis
(38. Qerrit Holtman, 87)
42. Aleksander Hak
Ehtiyat oyunçular:
1. Yonas Lösl
3. Leon Baloqun
8. Levin Öztunalı
18. Daniel Brosinski
Baş məşqçi: Martin Şmidt
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
6. Rəşad Sadiqov (k)
(10. Ruslan Qurbanov, 46)
7. Nika Kvekveskiri
9. Sergey Zenyov
(21. Roman Hüseynov, 77)
11. Asif Məmmədov
15. Vitali Vernidub
19. Filip Ozobiç
20. Rikardinyo
27. Teo Uiks
(4. Elvin Camalov, 86)
34. Ürfan Abbasov
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
17. Məhəmməd Mirzəbəyov
30. Petar Franyiç
44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
1 | “Sent-Etyen” (Fransa) | 6 | 3 | 3 | 0 | 8-5 | 12 |
2 | “Anderlext” (Belçika) | 6 | 3 | 2 | 1 | 16-8 | 11 |
3 | “Maynts” (Almaniya) | 6 | 2 | 3 | 1 | 8-10 | 9 |
4 | “Qəbələ” (Azərbaycan) | 6 | 0 | 0 | 6 | 5-14 | 0 |