“Qəbələ” – “Şkendiya” (Makedoniya) – 2:1
Filip Ozobiç, 38, Araz Abdullayev, 77 – Yuri Çolak, 89
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Roman Qriqorçuk qonşu ölkədəki dördüncü – sonuncu yoxlama oyununda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Rikardinyo, Vitali Vernidub, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov (k), Asif Məmmədov, Filip Ozobiç, Ruslan Qurbanov, Sergey Zenyov.
Maraqlı mübarizə şəraitində keçən oyunda hesab ilk yarıda açılıb. Qarşılaşmanın 38-ci dəqiqəsində Filip Ozobiç makedoniyalıları məyus edib. Gözəl zərbə ilə fərqlənən xorvatiyalı yarımmüdafiəçi komandamızın toplanışı çərçivəsində ikinci dəfə qol sevinci yaşayıb. Bu, matçın ilk 45 dəqiqəsində yeganə qol olub.
Görüşün fasiləsindən sonra meydana fərqli “11-lik” çıxıb: David Pietrzkieviç, Roman Hüseynov, Cavid Hüseynov, Araz Abdullayev, Teo Uiks, Ramazan İsayev, Murad Musayev, Hacıağa Hacıyev, Qismət Alıyev, Baqali Dabo, Voislav Stankoviç.
İkinci hissədə də fəallıq nümayiş etdirən “Qəbələ” “Şkendiya”nın qapısından daha bir qol keçirməyi bacarıb. Oyunun 77-ci dəqiqəsində Araz Abdullayev fərqlənib. “Qırmızı-qaralar”ın yeni transferi komandamızda ilk qolunu vurub – 2:0. Makedoniya təmsilçisi isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 89-cu dəqiqədə Yuri Çolak fərqi minimuma endirib – 2:1.
Beləliklə, “Qəbələ” Antalya toplanışı çərçivəsində 2-ci qələbəsini qazanıb. Hazırlıq prosesini qələbə ilə başa vuran komandamız bu oyunadək Rumıniyanın “Qaz Metan” klubuna 1:0 hesabı ilə qalib gəlib, Qazaxıstan “Ordabası”sı ilə qolsuz heç-heçə edib və Albaniya “Partizani”sinə 1:2 hesabı ilə uduzmuşdu.