«Qəbələ» Antalyada ilk oyununu keçirdi
Xəbərlər / 13 Yanvar 2017 | 20:41594
«Qəbələ» Antalyada ilk oyununu keçirdi

“Qəbələ” – “Partizani” (Albaniya) – 1:2
Nika Kvekveskiri, 43 - Kaleb Ekuban, 45, Elvin Camalov, 84-öz qapısına

2016-2017-ci illər mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" təlim-məşq toplanışını keçirib. “Qırmızı-qaralar” Albaniyanın "Partizani" klubu ilə qarşılaşıb.
Roman Qriqorçuk 2017-ci ilin ilk oyununda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezatosnı, Roman Hüseynov, Voislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Araz Abdullayev, Cavid Hüseynov, Ruslan Qurbanov, Sergey Zenyov.
15 qat Albaniya çempionu ilə qarşılaşma yoxlama xarakteri daşıdığından rəqiblər oyuna kəşfiyyatsız, hücumlarla başlayıb. Albaniyalıların qapısına həmlələri kəsərli alınan “Qəbələ” ilk yarıda bir neçə dəfə fərqlənməyə yaxın olub. Lakin futbolçularımız təhlükəli hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Yalnız 43-cü dəqiqədə komandamız istəyinə çatıb. Nika Kvekveskiri cərimə zərbəsindən Tirana təmsilçisinin qapısına yol tapıb – 1:0. Amma “qırmızı-qaralar” üstünlüyünü uzun müddət qoruya bilməyib. “Partizani” ilk hissənin son dəqiqəsində hesabda tarazlıq yaradıb. Albaniyalıların heyətində “Kyevo”dan icarəyə götürülən Kaleb Ekuban fərqlənib – 1:1.
İkinci hissədə Rikardinyo, Rafael Santos, Tellur Mütəllimov, Elvin Camalov, Rəşad Eyyubov, Asif Məmmədov, Hacıağa Hacılı da meydana daxil olublar. Oyunun ssenarisi isə ciddi dəyişikliyə uğramayıb. Qonaqların qapıçısı öncə onunla üz-üzə qalan Asif Məmmədovun, ardınca Cavd Hüseynovun zərbəsini dəf etməklə hesabın dəyişməsinə imkan verməyib. Albaniyalılar isə 84-cü dəqiqədə əldə etdikləri imkandan yararlanıb – 1:2. Marko Çetkoviçin ötürməsindən sonra əlverişli mövqedə olan Ardit Yaupayın qol vurmasının qarşısını almağa çalışan Elvin Camalov avtoqol müəllifi olub. Buraxılan qoldan sonra Qriqorçukun yetirmələri hesabda tarazlıq yaratmaq üçün irəli atılsa da, bərabərlik qolunu vura bilməyib.
Beləliklə, ilk yoxlama oyununda ötən mövsüm Albaniya çempionatının gümüş mükafatçısı olan Tirananın “Partizani” klubu ilə görüşən “Qəbələ” 1:2 hesabı ilə məğlub olub.