«Qəbələ» «Antalyaspor» matçında qalib müəyyənləşmədi - Fotoreportaj
Xəbərlər / 13 İyul 2013 | 13:54314
 «Qəbələ» «Antalyaspor» matçında qalib müəyyənləşmədi - Fotoreportaj

"Qəbələ" bu gün Türkiyədə 4-cü - son yoxlama oyununu keçirməklə Sparta toplanışına yekun vurub. Daha öncə "Metallurq" Zaparojye (1:1), "Trabzonspor" (0:2) və "Spartaspor"la (7:0) qarşılaşan "qırmızı-qaralar" son matçda "Antalyaspor"la münasibətlərini aydınlaşdırıb. "Qəbələ" Türkiyə təmsilçisinə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:

David Pietrzkeviç, Ürfan Abbasov (Sadiq Quliyev), Omar Kalabane, Vladimir Levin (Deyan Kelhar), Rail Məlikov, İbrahima Niasse, Lorenzo Ebesilio (Viktor Mendi), Nuran Qurbanov (Nizami Hacıyev), Dodo (Assis), Daniel Subotiç (Leonardo), Yannik Kamanan (Abdulvahid Afolabi).

Matçın startı tərəflərin kəşfiyyat xarakterli hücumları ilə yadda qaldı. Qarşılaşmanın ilk 20 dəqiqəsində komandalar təhlükəli epizod yaratmaqda çətinlik çəksələr də, 23-cü dəqiqədə hesab açıldı. Zeki Yıldırım "Antalyaspor"u önə çıxardı. Qoldan sonra fəallaşan Yuri Syominin yetirmələri 32-ci dəqiqədə cavab qolunu vurmağa müvəffəq oldular. Lorenzo Ebesilio dəqiq və qüvvətli zərbə ilə qapıçıya şans vermədi - 1:1. 
İkinci hissəyə fərqli heyətlə çıxan Türkiyə təmsilçisi 51-ci dəqiqədə yenidən hesabı öz xeyrinə dəyişdi. Tita fərqləndi - 1:2. Ruhdan düşməyən "Qəbələ" cəmi 9 dəqiqə sonra yenidən rəqib qapısına yol tapdı. Ebesilio gözəl zərbə ilə dublunu rəsmiləşdirdi - 2:2. Bu matçda qeydə alınan son qol oldu və "Qəbələ" Türkiyədə keçirdiyi son yoxlama oyunundan sülhlə ayrıldı.