Qəbələ atıcılıq idmanı paytaxtına çevrilir
Xəbərlər / 26 Noyabr 2013 | 15:10616
Qəbələ atıcılıq idmanı paytaxtına çevrilir

2013 noyabr 23-24 noyabr tarixlərində Almaniyanın Münxen şəhərində Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) növbəti seminarı keçirilib. Ali qurum tərəfindən təşkil olunan toplantıda Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, "Qəbələ" Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov və Azərbaycan Atıcılıq Federasiyasının İcrayyə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri Emin Cəfərov iştirak edib. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının prezidenti Oleqario Vaskes Ranya və federasiyanın baş katibi Frans Şrayberlə görüşlər keçirib.
Mühüm yeniliklərlə yadda qalan seminarda, həmçinin, ISSF-in növbəti illər üçün təqvim-planı da müzakirə olunub və bir sıra mötəbər yarışın Qəbələdə keçirilməsi barədə qərarlar qəbul edilib. Qərarlara əsasən, 2014-cü ildə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə Qran-Pri turniri və Dünya Kubokunun finalı, 2015-ci ildə isə 2016 Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışları Qəbələdə keçiriləcək. 2015-ci il Dünya Kuboku turnirində 1600-1800 idmançının 30 lisenziya uğrunda mübarizə aparması gözlənilir.
Bu turnirlər müxtəlif növlər üzrə yarışlara layiqincə ev sahibliyi etmiş ölkəmizin idman uğurlarına yeni səhifə açacaq. Belə ki, ilk dəfə atıcılıq idmanı üzrə mötəbər yarışlar ölkəmizə həvalə olunub. "Qəbələ" İK-nın Atıcılıq Klubunun bazasında keçiriləcək turnirlər bu olimpiya idman növü üzrə yeni-yeni idmançıların üzə çıxarılmasında böyük rol oynayacaq.
Qeyd edək ki, müstəqil Azərbaycanın olimpiya oyunlarında qazandığı 26 medaldan 3-ü məhz atıcılıq növünə aiddir. Zemfira Meftahəddinova (stend atıcılığı) 2000-ci il Sidney Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra 2004-cü il Afina Olimpiya Oyunlarında o və İradə Aşumova (güllə atıcılığı) fəxri kürsünün 3-cü pilləsinə qalxmışdılar.