“Qəbələ” 2015/16 mövsümündə Avropa Liqasında çıxış edəcək. “Qırmızı-qaralar” ardıcıl olmaqla, tarixində 2-ci dəfə qitə miqyaslı turnirdə Azərbaycanı təmsil etməyə vəsiqə qazanıb. Roman Qriqorçukun yetirmələri avrokubok iştirakçıları arasında yerini Topaz Premyer Liqasının XXXII turunun ilk oyun günündə təmin edib. Buna Zaqatala “Simurq”unun öz meydanında “İnter”ə 2:3 hesabı ilə uduzması səbəb olub. Xal itkisi meydan sahiblərinin ilk “dördlük”də yer alan klublara çatmayacağını rəsmiləşdirib. “Qarabağ”, “İnter”, “Neftçi” və “Qəbələ” Premyer Liqanın ilk 4 pilləsində yer alaraq qitə kuboklarında ölkəmizi təmsil edəcək. Ölkə kubokunun finalında da (“Qarabağ” – “Neftçi”) “dördlük”də yer alan klublar üz-üzə gələcəyindən digər komandalar avrokubok mübarizəsinə qoşulmayacaq. Beləliklə, son 8 çempionat oyununda 8 qələbə qazanıb, xal hesabını 46-ya çatdıran “Qəbələ” ötən il olduğu kimi yenə mövsüm basa çatmamış Avropa Liqasına vəsiqəni təmin edib. Həmin vaxt qitə miqyaslı turnirin I təsnifat mərhələsində oynamaq hüququ qazanan “qırmızı-qaralar” Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşmada debüt etmişdi. İyulun 3-də Qəbələdə 0:2, 1 həftə sonra səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız mərhələ adlaya bilməmişdi.