Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun
“Qəbələ” (Azərbaycan) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - 0:2
3 iyul 2014, saat 20:00, Qəbələ Şəhər stadionu. 4200 tamaşaçı
Baş hakim: Artyom Kuçin
Baş hakimin köməkçiləri: Yevgeniy Belskiy, Rustam Suyunov
Dördüncü hakim: Denis İzmaylov (hamısı Qazaxıstan)
Hakim-inspektor: Kornelis A. Bakker (Hollandiya)
Sarı vərəqələr: Brakalo, 62, Ropotan, 69
Qollar: Vaqner, 74, 89
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Qəbələ” 2014/15 mövsümündə ilk oyununu keçirib. Tarixində ilk dəfə avrokuboklara qatılan “qırmızı-qaralar” debütünü doğma meydandakı dolu tribunalar önündə gerçəkləşdirib. Qəbələ təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunu qəbul edib.
Həm futbolçu, həm məşqçi kimi zəngin beynəlxalq oyunlar təcrübəsinə malik Dorinel Muntyanu “Qəbələ”nin çalışdırıcısı kimi çıxdığı debüt oyununda 4-5-1 taktiki sxeminə üstünlük verib. Komandanın kapitanı Kamran Ağayevin qapını qoruduğu matçda müdafiənin mərkəzində Vladimir Levinlə Rafael Santos, sağında Ruslan Tağızadə, solunda Elnur Allahverdiyev yer alıb. Start heyətində yer alan hər iki debütant – yeni transferlər Ruslan Abışovla Adrian Ropotan dayaq yarımmüdafiəçisi mövqeyində qərarlaşıb. Yarımmüdafiənin mərkəzində klubun yetirməsi Elvin Camalov, solda Luis Hilario, sağda isə Nizami Hacıyev hücumlara dəstək verməli idi. Yeganə hücumçu isə təcrübəli Viktor Mendi idi.
Gözlənildiyi kimi hər iki komanda matça ehtiyatlı başladı. Tərəflər təxminən 15 dəqiqə kəşfiyyat xarakterli oyun nümayiş etdirdi. Bu da başadüşülən idi. “Şiroki Briyeq” səfərdə oynadığından, “Qəbələ” isə debüt matçında uğur qazanmaq istədiyindən ehtiyatlı oyun gözlənilən idi. Ardınca isə “Qəbələ” ərazi üstünlüyünə yiyələnməyi bacardı. İlk yarının təxminən son 30 dəqiqəsini oyuna meydan sahibləri nəzarət etdi. Müdafiəyə çəkilən qonaqlar isə əks-hücumlara ümid bağlamışdı. Amma bu üstünlük real qol vəziyyətlərinin yaranması ilə nəticələnmədi. Cinahlardan, xüsusilədə Ruslan Tağızadənin fəal olduğu sağ cinahdan asmaları tamamlayan tapılmırdı. Viktor Mendinin təkbaşına fəallığı, Luis Hilarionun yarımmüdafiədəki canfəşanlığı da nəticə vermirdi. Bütün bunların məntiqi nəticəsi olaraq komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.
“Qəbələ”nin fasilədən sonra üstünlüyünü əks etdirəcəyi gözlənilirdi. Ehtiyatda əsasən klubun akademiyasının yetirmələri olduğundan Muntyanu hücumu gücləndirə biləcək yeganə təcrübəli sima – yeni transfer Andrei Kristeanı 2-ci yarının gedişində meydana buraxdı. Mərkəz yarımmüdafiəçisinin oyuna daxil olması ilə meydan sahibləri daha 10-15 dəqiqə ərazi üstünlüyünə sahib oldu. Matçın 60-cı dəqiqəsinədək oyunda tarazlıq yaradan qonaqlar bundan sonra təşəbbüsü ələ almağa başladı. Epizodların birində Zakariçin güclü zərbəsindən sonra Kamran Ağayev komandasını real qoldan xilas etdi. Təzyiqi artıran Bosniya və Herseqovina təmsilçisi qarşılaşmanın 74-cü dəqiqəsində istəyinə çatdı. Sağ cinahdakı səhv oyundankənar vəziyyət yaratmağa çalışan “qırmızı-qaralar”ın qapısına qol vurulması ilə nəticələndi. Komandasının braziliyalı kapitanı Vaqner əlverişli imkanı qaçırmadı. Bundan sonra “Qəbələ” bərabərlik qolu vurmaq üçün irəli atılsa da, ciddi təhlükə yaratmaqda çətinlik çəkdi. Matçın sonlarında isə Vaqner dublunu rəsmiləşdirdi. Bu dəfə müdafiənin sol cinahındakı səhvdən sonra qapıçı ilə üz-üzə qalan cənubi amerikalı imkanı əldən vermədi.
Qeyd edək ki, komandalar arasında Şiroki Briyeqdəki qarşılaşması iyulun 10-da baş tutacaq.
“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
(11. Andrey Kristya, 56)
6. Vladimir Levin
8. Nizami Hacıyev
9. Viktor Mendi
10. Luis Hilario
15. Ruslan Abışov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
36. Elnur Allahverdiyev
44. Rafael
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
2. Kristian Pulhak
3. Şirməhəmməd Məmmədov
5. Sadiq Quliyev
34. Ürfan Abbasov
88. Müşfiq Teymurov
Baş məşqçi: Dorinel Muntyanu
“Şiroki Briyeq”
23. Antonio Soldo
7. Dino Çoriç
8. Mate Pehar
9. Mirko Moriç
11. Qoran Zakariç
(18. Zvonimir Kojul, 90+2)
14. Davor Landeka
15. Vaqner (k)
19. İvan Peko
(10. Yure İvankoviç, 90)
21. Slavko Brekalo
27. Neven Laştro
33. Stipo Markoviç
(6. Yosip Barişiç, 27)
Ehtiyat oyunçular:
12. Luka Bilobrk
4. Daniyel Kojul
17. Vlado Zadro
28. Filip Mihalyeviç
Baş məşqçi: Slaven Musa