“Qəbələ” - AZAL 0:0
28 oktyabr 2015. Saat 17:00. Qəbələ şəhər stadionu, 1050 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Vaqif Musayev
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Nuqzar Kvirtiya, 68 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 83 (qeyri-idman hərəkəti); Müşfiq Teymurov, 90 (qeyri-idman hərəkəti); Stanislav Namaşko, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib. “Qəbələ” X turun qarşılaşmasında AZAL-ı qəbul edib. Ötən turun “Zirə”yə qarşı oyunu ilə müqayisədə “qırmızı-qaralar”ın start heyətində 6 dəyişiklik olub. Baş məşqçi Roman Qriqorçuk Ürfan Abbasov, Aleksey Qay, Sergey Zenyov, Arif Daşdəmirov, Vojislav Stankoviç və Dodonu bu dəfə “11-liy”ə daxil etməyib. Əvəzində Rəşad Sadiqov, Ermin Zets, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Rikardinyo və Fakundo Pereyra ilk dəqiqələrdən meydana çıxıb. Rikardinyo mövsümdə ilk dəfə çempionat oyununda “qırmızı-qara” forma geyinib. Komandamızın kapitanı Dodonun yoxluğunda sarğını təcrübəli Sadiqov daşıyıb. 32 yaşlı yarımmüdafiəçi ilk dəfə “Qəbələ”nin kapitanı kimi meydana çıxıb.
Ötən tur liderliyə yüksələn komandamız ilk dəqiqələrdən fəal oyun nümayiş etdirərək üstünlüyü ələ alıb. Ardıcıl hücumlar təşkil edən “qırmızı-qaralar” qonaqların müdafiə xəttini yarıb, qol imkanları yaratmaqda çətinlik yaşayıb. Daha çox qapısının toxunulmazlığını düşünən paytaxt təmsilçisi isə əks-hücum imkanlarından yararlanmağa çalışıb. Lakin AZAL-ın bu həmlələri də təhlükəli vəziyyətlə nəticələnməyib. Hücumların kəsərli olmadığını görən Qriqorçuk 2-ci hissədə ön xətti gücləndirmək üçün əvəzetmələrə əl atıb. Qayın meydanın mərkəzində mübarizə aparması ilə Elvin Camalov son müdafiəçi mövqeyinə çəkilib. Zenyovun da meydana daxil olması qonaqların qapısı önündə təhlükələrin bir-birini sıralaması ilə nəticələnib. Hətta 58-ci dəqiqədə Qay rəqib qapısına qol da vurub. Lakin həmin epizodda oyundankənar vəziyyət qeydə alan hakim qolu saymayıb. Zenyov isə 3 dəfə qola yaxın olub. Etibarlı oyunu ilə diqqət çəkən qonaqların qapıçısı estoniyalının əlverişli mövqedən zərbəsini də dəf edib. Matçın sonlarında isə Qriqorçuk Vaqif Cavadova da şans verib. “Qəbələ”də debüt edən hücumçu klubun tarixinə 198-ci futbolçu kimi düşüb. Lakin onunda meydana daxil olması nəticəni dəyişməyib.
Beləliklə, ardıcıl 2-ci matçda qolsuz heç-heçə ilə kifayətlənən “qırmızı-qaralar” “quru” oyunlar seriyasını 6-ya çatdırıb. Yalnız ilk turda qol buraxan Dmitri Bezotosnının “quru” seriyası isə 727 dəqiqəyə çatıb. Bununla da ukraynalı qolkiper dünyanın ən uzun “quru” seriyalarının daxil olduğu siyahıya düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi arxada qoyub. Bezotosnı Pavel Doroşevdən sonra buna nail olan 2-ci “Qəbələ”li qapıçıdır. Latviyalı 952 dəqiqə qapısını toxunulmaz saxlamaqla klub rekordunu müəyyənləşdirmişdi.
“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
7. Ermin Zets
8. Məhəmməd Mirzəbəyov
15. Vitali Vernidub
(19. Aleksey Qay, 46)
20. Rikardinyo
32. Fakundo Pereyra
(9. Sergey Zenyov, 57)
66. Samir Zərgərov
(70. Vaqif Cavadov, 75)
69. Aleksey Antonov
87. Ruslan Abışov
Ehtiyat oyunçular:
1. Andrey Popoviç
3. Vojislav Stankoviç
21. Arif Daşdəmirov
25. Qismət Alıyev
Baş məşqçi: Roman Qriqorçuk
AZAL
16. Stanislav Namaşko
2. Rail Məlikov (k)
3. Tural Hümbətov
24. Emin Cəfərquliyev
4. Qvanzan Maqomedov
14. İlqar Ələkbərov
22. Kamal Mirzəyev
21. Murad Səttarlı
(28. Müşfiq Teymurov, 88)
10. Nuqzar Kvirtiya
27. Aleksandr Quruli
(7. Tərlan Xəlilov, 24)
9. Aydın Qasımov
(19. Məhəmməd Bədəlbəyli, 81)
Ehtiyat oyunçular:
1. Amil Ağacanov
20. İsmayıl İbrahimli
11. Ruslan Nəsirli
5. Kamil Hüseynov
Baş məşqçi: Tərlan Əhmədov