Bu gün AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku”na yekun vurulub. 16 komandanın mübarizə apardığı turnirin son günündə həlledici qarşılaşmalar keçirilib. Fəxri mükafat uğrunda final matçında “Qəbələ” “İnter”lə üz-üzə gəlib.
Bayıl stadionunda baş tutan matçadək keçirdiyi 5 görüşün hamısında qalib gələn “qırmızı-qaralar” 23 qol vurub, cəmi 2 top buraxmışdı. Yarışa B qrupunda başlayan Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda Mərkəz Elit Yığmasını 6:0, “Qarabağ”ı 8:0, Şimal-Qərb Elit Yığmasını 3:1 hesabı ilə məğlub edərək, 1/4 finala 1-ci yerin sahibi kimi yüksəlmişdi. Ardınca “Xəzər Lənkəran”ı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” yarımfinalda “Neftçi”ni mübarizədən kənarlaşdırmışdı - 3:0.
Turnir boyu məhsuldar oyunu ilə seçilən “Qəbələ” “İnter”lə oyuna sürətlə başlayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “qırmızı-qaralar” artıq 4-cü dəqiqədə hesabı açıb. Samir Qurbanov bakılıların qapısına yol tapıb – 1:0. Gənc istedad 15-ci dəqiqədə növbəti qolunu vuraraq, dublunu rəsmiləşdirib – 2:0.
Hər hissəsi 30 dəqiqə davam edən qarşılaşmanın ikinci yarısında da oyunu diqtə edən “Qəbələ” olub. Bunu nəticəsində də “qırmızı-qaralar” görüşün sonlarında daha bir qol vurub. Matçın 56-cı dəqiqəsində Məhəmməd Məhərrəmov fərqlənib – 3:0.
Turnirdə 4-cü böyükhesablı qələbəsini qazanan komandamız bununla da AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku”nun qalibi adına yiyələnib. Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və “İnter”in prezidenti Georgi Nikolov da iştirak ediblər. Yığmamızın xorvatiyalı çalışdırıcısının təqdim etdiyi “Bakcell U-14 Elit Kuboku”nu başı üzərinə qaldıran U-14 komandamızın üzvləri fərdi mükafatlarla da təltif olunub. Nikolov turnirin ən yaxşı futbolçusu seçilən İdris İnqilablıya, Nəcəfov isə finalda dubl müəllifi olan Samir Qurbanova yarışın ən sərrast oyunçusu mükafatını təqdim edib.