“Qəbələ” - “Barselona” əməkdaşlığında növbəti mərhələ
Xəbərlər / 1 Fevral 2012 | 20:00645
“Qəbələ” - “Barselona” əməkdaşlığında növbəti mərhələ

“Qəbələ” “Barselona” əməkdaşlığının növbəti mərhələləsinə start verilir. Belə ki, öncədən nəzərdə tutulduğu kimi “Qəbələ” Futbol Akademiyasının məşqçilər heyəti təcrübə məqsədi ilə Barselonaya səfər edəcək. Akademiya direktoru Ali Yavaşın rəhbərlik etdiyi heyətdə Nail Kərimov (Akademiya direktorunun müavini), Halim Fıçıcı (Gənclər Futbolunun İnkişaf Proqramının rəhbəri), Famil Xəlilov (U-17-nin məşqçisi), Eldəniz Süleymanov (U-16-nın məşqçisi), Hüseynqulu Quliyev (U-15-in məşqçisi) və Sərdar Qafarov (U-14-ün məşqçisi) yer alıblar. Fevralın 3-dən 11-dək davam edəcək səfər müddətində ilkin olaraq “Barselona”nın aşağı yaş qruplarının çempionatdakı çıxışları izləniləcək.  Fevralın 4-də isə “Qəbələ” təmsilçiləri Camp Nou-da “Barselona” – “Real Sosiedad” matçına tamaşa edəcəklər. Fevralın 6-dan etibarən isə mərhələli şəkildə “Barselona”nın əsas komanda və akademiya təsisləri, La Masia ilə tanışlıq baş tutacaq.  Bundan sonra akademiya rəhbərliyi ilə görüş təşkil olunacaq. Səfər zamanı klubun idarəetmə sistemi ilə tanışlıq, əsas və əvəzedici komandaların məşqçiləri ilə görüşlər planlaşdırılır. Nümayəndə heyəti İspaniya təmsilçisinin təlim üsulları ilə yaxından tanış olmaq məqsədilə bütün yaş qrupları uzrə komandaların məşq proseslərində iştirak edəcək.  Bu yolla bir müddət öncə Qəbələdə “Barselona”lı məşqçilər tərəfindən təşkil olunan seminarların tamamlanması və seminar mövzularının canlı izlənməsi hədəflənir. 

May ayında isə ötən ilin dekabrında Qəbələyə Xosep Moratallanın başçılığı altında səfər etmiş məşqçilər heyəti bir daha ölkəmizə gələcək. Səfər zamanı ispanlar yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar. Eyni zamanda növbəti mövsüm görülməsi planlaşdırılan işlər müzakirə ediləcək.