Qəbələ Barselona ilə əməkdaşlığa start verdi
Xəbərlər / 24 Noyabr 2011 | 20:001575
Qarşısına dünya səviyyəli futbol klubu yaratmaq məqsədi qoyan “Qəbələ” Peşəkar Futbol Klubu bu istiqamətdə daha bir addım atıb. Klubumuzun təşəbbüsü ilə İspaniyanın “Barselona” Futbol Klubu arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Əməkdaşlığın qurulmasında məqsəd əsas komandanın və akademiyanın inkişaf etdirilməsi və “Qəbələ”nin peşəkar futbol klubu kimi formalaşmasında “Barselona”nın təcrübəsindən yararlanmaqdır. Müqaviləyə daxil olunan məsələlərdən ilkinin reallaşdırılmasına dekabrın 12-də start veriləcək. Razılaşmaya əsasən, “Barselona” klubunun əməkdaşları Qəbələyə 10 günlük səfər edəcəklər. Bu müddət ərzində “Qəbələ” Futbol Klubunun məşqçilərinə seminarlar keçiriləcək. “Barselona”dan dəvət olunan məşqçi heyətinə Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell daxildir. Heyətə “Barselona”nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla başçılıq edəcək. Bu növ seminarlar üzrə ixtisaslaşmış Moratalla İspaniyada və digər Avropa ölkələrində “Barselona” FK Futbol Məktəblərinin və seminarlarının təşkilatçısı kimi tanınır. 10 günlük seminar çərçivəsində klubumuzun məşqçilərinə “Barselona” Futbol Akademiyasının məşq prinsipləri aşılanacaq. Seminar gün ərzində 6 saat olmaqla 3 saat nəzəri, 3 saat praktiki məşqlər şəklində keçiriləcək. May və ya iyun ayında Moratallanın başçılıq etdiyi heyət yenidən Qəbələyə bir həftəlik səfər edəcək və kursların nə cür effekt verdiyi müəyyənləşdiriləcək.
Bundan əlavə, fevral və ya aprel ayında “Qəbələ” məşqçilərindən ibarət 8 nəfərlik qrup təcrübə məqsədilə bir həftəlik “Barselona” akademiyasına yollanacaqlar.
Sözügedən müqavilə “Barselona” ilə əməkdaşlıq istiqamətində atılan ilk addımdır. Yaxın gələcəkdə akademiya komandalarımızın Barselonaya səfəri və bir neçə istedadlı gənc futbolçumuzun “Barselona” Futbol Klubunda təcrübə keçməsi planlaşdırılır.