Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Yarışa qatılan Azərbaycan millisi yarışda uğurla çıxış edib. 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olan yığmanın heyətində “Qəbələ” İdman Klubunun boksçuları da yer alıb. Təmsilçilərimiz turnirdə 2 gümüş və 1 bürünc qazanmağa nail olub.
Rusiya rinqindən klubumuzun üzvlərindən üçü mükafatçılar sırasına yüksəlib. Kamran Şahsuvarlı (75 kq) gümüş mükafata yiyələnib. O, yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub.
91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli də vətənə gümüş medalla dönüb. “Qəbələ”nin boksçusu finalda litvalı Tadas Tamaşauskasa məğlub olub. Asəf Aslanlı (+91kq) isə yarımfinaladək irəliləməyi bacarıb. Nəticədə idmançımız bürünc medalla kifayətlənib.