Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Yanvarın 8-də start götürən və 6 gün davam edən yarış “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün də uğurlu alınıb. Belə ki, Şağan olimpiya kompleksində baş tutan yarışda klubun 4 boksçusu fəxri kürsüyə yüksəlməyi bacarıb.
Üç boksçumuz finaladək irəliləməyə nail olub. Lakin bütün rəqiblərini məğlub edərək, finala yüksələn “Qəbələ”nin üç təmsilçisi həlledici qarşılaşmada uduzub. Nəticədə 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı, 90 kq çəki dərəcəsində Rahil Məmmədli və +90 kq çəki dərəcəsində Asəf Aslanlı gümüş medala yiyələnib. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Elvin Qənbərov isə mübarizəni yarımfinalda dayandırıb. O, Azərbaycan çempionatını bürünc mükafatla başa vurub.
Beləliklə, “Qəbələ” boksçuları Azərbaycan çempionatında 3 gümüş və 1 bürünc medal qazanıb.