Boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Boks Mərkəzində keçirilən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvəsini sınayıb. Kişi boksçularımız 6 gün davam edən çempionatı 8 medalla başa vurub. İdmançılarımızdan dördü öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçularımızdan Məhsəti Həmzəyev (57 kq), Cavid Çələbiyev (60 kq), Roman Zakirov (69 kq) və Kamran Şahsuvarlı (75 kq) Azərbaycan çempionu adına yiyələniblər. Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91 kq) isə finala qədər bütün rəqiblərini məğlub edib, yalnız həlledici qarşılaşmada uduzmaqla 2-ci pilləni tutublar. Daha bir idmançımız fəxri kürsüyə yüksəlib. Kamran Baxşəliyev (64 kq) 3-cü yeri tutaraq Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Yekunda "Qəbələ" komanda hesabında turnirin birinci pilləsinə sahib çıxıb.