«Qəbələ» «Borussiya» ilə oyuna Bakıda hazırlaşır
Xəbərlər / 19 Oktyabr 2015 | 20:44211
«Qəbələ» «Borussiya» ilə oyuna Bakıda hazırlaşır

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə oyununa hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” III tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır. Topaz Premyer Liqasının VIII turunun oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komandamız iki gün ADBTİA stadionunda məşq edib. Paytaxtdakı oyunun ertəsi fiziki hazırlıqla kifayətlənən futbolçularımızın dünənki məşqi iki qrupda gerçəkləşib. “Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. Komandamızın bu günə planlaşdırılan hazırlığı da paytaxtda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. Matç Bakıdakı “Bakcell Arena”da baş tutacaq. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını 38 yaşlı İvan Bebek yerinə yetirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
III tur, 22 oktyabr
C qrupu
20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç (hər ikisi Xorvatiya)
Əlavə köməkçi hakimlər: Mariyo Strahonya, Qoran Qabrilo (hər ikisi Xorvatiya)
Dördüncü hakim: Qoran Pataki (Xorvatiya)
UEFA nümayəndəsi: Filipp Prudon (Fransa)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
Bakı. “Bakcell Arena” stadionu