«Qəbələ» çempion elan olundu, avrokuboka vəsiqə qazandı
Xəbərlər / 1 İyun 2020 | 20:28282
«Qəbələ» çempion elan olundu, avrokuboka vəsiqə qazandı

“Qəbələ”nin U-19 komandası AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi elan olunub. Keçirdiyi 15 oyunda 33 xal toplamaqla yarışın lideri olan “qırmızı-qaralar” koronavirus pandemiyası üzündən dayandırılan və bərpa edilmədən başa çatdırılan mövsümün çempionu olub. Bununla da “Qəbələ” UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi avrokubok turnirinə - Gənclər Liqasına vəsiqə qazanıb.

 

Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. Belə ki, xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib. Aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:

 

1. Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, Birinci Divizionda mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunsun.

 

2. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun.

 

3. Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənsin (FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq).

 

4. Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyəti COVİD-19 testindən keçirilsin.

 

Qeyd edək ki, Premyer Liqa, Birinci Divizion və Gənclər Liqası ilə bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub və klublar tərəfindən müsbət münasibət bildirilib.