«Qəbələ» coşdu, «5»ləri sıraladı
Xəbərlər / 16 Aprel 2014 | 21:14233
«Qəbələ» coşdu, «5»ləri sıraladı

“Qəbələ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında - "Xəzər Lənkəran"la ev oyununda 2014-cü ildə 2-ci, mövsümdə 3-cü dəfə böyükhesablı qələbə qazanıb. Yuri Syominin yetirmələri ötən il sentyabrın 20-də evdə “Rəvan”ı, bu il fevralın 12-də səfərdə “Sumqayıt”ı da 3 cavabsız qolla məğlub etmişdi. 73 gündən sonra yenidən 3 və daha çox top fərqilə qalib gələn “qırmızı-qaralar” Qəbələdə 208 gündən sonra belə nəticə ilə azarkeşlərini sevindirdi.

Kubokda 5-ci böyükhesablı...

2011-ci il noyabrın 30-da 1/8 finalda “Neftçala”nı 3 cavabsız qolla yenən “Qəbələ” Azərbaycan kubokunda 868 gündən sonra böyük hesabla qalib gəlməyi bacardı. Ümumiyyətlə isə komanda bu yarışda 5-ci dəfə rəqibini aşkar üstələdi.
 
Kubokda böyükhesablı qələbələr
2005/06 15.10.2005  1/16 final MOİK (Bakı) - Göy-Göl (Xanlar) 0:4
2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006  1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0
2013/14 16.04.2014  1/2 final Qəbələ - Xəzər Lənkəran 3:0

...5-ci yarım final oyunu...

İndiyədək yarımfinalda qələbə qazana bilməyən “Qəbələ” ilkini 5-ci matçında gerçəkləşdirdi. Bununla da bu mərhələdə həm də ilk böyükhesablı qalibiyyətini aldı. Bütün yarışlarda 32-ci dəfə darmadağına nail olan komanda birinci dəstədə 11, Premyer Liqada 16 dəfə belə nəticəyə imza atıb.

2011-ci il matın 8-də ¼ finalın səfər matçında “Bakı”ya 0:1 hesabı ilə uduzan “Qəbələ” kubokdakı məğlubiyyətsiz oyunlar sayını 10-a çatdırdı. Bu müddətdə 5 bərabərliyi olan komanda 5-ci dəfə qalib gəldi.

...5-ci dubl

“Qırmızı-qaralar”ın heyətində 27-ci matçına çıxan Nizami Hacıyev yeni komandasında qol hesabını açdı. Yarımmüdafiəçi klub tarixində qol sevinci yaşayan 83-cü futbolçu oldu. Nizami kubokda “Qəbələ” üçün qol vuran 30-cu oyunçudur.

Hacıyev bu matçda dubl müəllifi olmaqla, “Qəbələ”nin heyətində bir matçda 2 qol vuran 18-ci futbolçu oldu. Bu “18-liy”in hesabında 26 dubl var. Kənan Kərimov hamıdan çox – 4, Yannik Kamanan 3 dubl gerçəkləşdirib.

Nizami komandasının kubokda 5-ci dubluna imza atıb. Bunadək 2 dəfə Kənan Kərimov, hərəyə 1 dəfə Cehua və Vüsal Qarayev fərqlənmişdi. Sonuncu belə hadisə 2011/12 mövsümündə gerçəkləşmişdi. Həmin vaxt Cehua “Neftçala” ilə görüşdə iki qola imza atmışdı.

Mendi 5-ci sırada

“Qəbələ”nin 9 illik tarixinin ən yaxşı bombardiri Viktor Mendi bu dəfə də meydanı qolsuz tərk etməyib. Komandasının heyətində yubiley 90-cı matçını keçirib. Bununla da seneqallı klub tarixində ən çox oyun keçirən futbolçular sırasında 5-ci olan Lyubo Baraninə çatıb.

“Qırmızı-qaralar” üçün 22-ci qolunu vurmaqla, üstünlüyünü artıran bombardir kubokda 3-cü dəfə fərqlənib. Bununla da Viktor kubokda ən çox qol vuran 5 oyunçu sırasına daxil olub: Kənan Kərimov – 7, Vüsal Qarayev – 4, İbrahim Hüseynov – 4, Samir Zərgərov, Viktor Mendi – hərəyə 3 qol.