Cüdo üzrə yeniyetmələrin (1998-1999-cü il təvəllüdlülər) ölkə birinciliyinə yekun vurulub. Dekabrın 3-də start götürüb, 3 gün davam edən yarış “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilib. Birincilikdə “Qəbələ” İdman Klubunun cüdoçuları da çıxış edib. Təmsilçilərimiz yarışı 5 medalla başa vurub. İdmançılarımız birincilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc əldə edib.
Bu mükafatlardan üçünü Qəbələ bölməsinin üzvləri əldə edib. Bu medallar ilyarım əvvəl fəaliyyətə başlayan bölmənin ilk uğurları kimi tarixə düşüb.
Qəbələ bölməsinin tarixində cüdo üzrə Azərbaycan çempionu adını qazanan ilk idmançı Fazilə Aslanova olub. 36 kq çəki dərəcəsində çıxış edən məktəbli tatamiyə çıxdığı hər üç görüşdə qələbə qazanmaqla 1-ci yerin sahibi olub. Keçirdiyi 3 görüşdə 2 qələbə qazanan Aygün Hacıyeva isə gümüş medal əldə edib. Qəbələ bölməsinin tarixində Azərbaycan birinciliyinin mükafatçısı olan ilk oğlan cüdoçu isə İmran Yusifov olub. 90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarışın bürünc medalçısı olub. Məşqçi Rail İsmayılovun yetirməsi 4 görüşdən üçündə qalib gəlib.
Bakı bölməsinin təmsilçiləri isə iki medal qazanıb. 63 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Hacıyeva bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 46 kq çəki dərəcəsində Nihat Ələsgərli 3-cü yerə sahib çıxıb.