«Qəbələ» cüdoçularından 8 qızıl, 8 gümüş və 10 bürünc
Xəbərlər / 7 Yanvar 2014 | 20:32222
"Qəbələ" İdman Klubunun aşağı yaş qruplarında mübarizə aparan cüdoçuları növbəti uğura imza atıblar. 2000-2001 və 2002-2003 təvəllüdlü cüdoçular arasında 4-7 yanvar tarixlərində paytaxtda keçirilən Açıq Bakı Birinciliyi təmsilçilərimizin üstün çıxışı ilə yadda qalıb. 40-dan artıq klubun iştirak etdiyi turnirə ilk dəfə qatılan gənc idmançılarımız buna baxmayaraq, hamını təəcübləndirməyi bacarıblar. 900 idmançı arasında fərqlənən çüdoçularımız yekunda 8 qızıl, 8 gümüş, 10 bürünc medal qazanıblar. Baş məşqçi Ramil İsmayılovun yetirmələri bu nəticə ilə komanda hesabında birinci yeri tutub. İkinci yerə "Evo" Cüdo Klubu, üçüncü yerə isə "Lokomotiv" sahib çıxıb. Komandamıza 2 qızıl və 1 bürünc medalı qısa müddətdir klub nəzdində Qəbələdə fəaliyyət göstərən cüdo bölümü qazandırıb. Digər medallar isə klubun Bakı bölümünün aktivinə yazılıb. Xatırladaq ki, bu yaş qrupları üzrə Avropa və dünya birincilikləri keçirilmədiyi üçün sözügedən turnir ölkədə ən vacib yarış hesab olunur.