«Qəbələ» Dabonun dublu ilə zirvədə
Xəbərlər / 22 Sentyabr 2016 | 15:50225
«Qəbələ» Dabonun dublu ilə zirvədə

“Qəbələ” – “Sumqayıt” 2:0
22 sentyabr 2016. Saat 17:00. Qəbələ şəhər stadionu, 1800 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Rahil Ramazanov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Filip Ozobiç, 90 (qeyri-idman hərəkəti); Rafael Santos, 90+2 (hakim qərarına etiraz) // Yusif Nəbiyev, 70 (oyunun bərpasını ləngitdiyinə görə)
Qol: Baqali Dabo, 85, 90
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.

Bu gün Topaz Premyer Liqasında III turdan təxirə salınan oyun keçirilib. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Cari mövsümdə keçirdiyi 4 qarşılaşmada qapısından qol buraxmayan “qırmızı-qaralar” Qəbələ şəhər stadionundakı matça ardıcıl 3-cü qələbə iddiası ilə çıxıb. “Sumqayıt”la indiyədək evdə keçirdiyi bütün matçlarda qalib gələn komandamız görüşə fərqli heyətlə başlayıb. 3 gün öncə AZAL-ı 3 qolla məğlub edən “Qəbələ”nin həmin qarşılaşmadakı start heyətinin 6 üzvü bu dəfə “11-lik”dən kənar qalıb. Vojislav Stankoviç, Qismət Alıyev, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov və Filip Ozobiç ilk dəqiqələrdən meydanda olmayıb. Əvəzində Rəşad Sadiqov, Murad Musayev, Rikardinyo, Baqali Dabo, Petar Franyiç və Rafael Santos start heyətində şans qazanıb. 3 xal arzusunu reallaşdırmaq üçün ilk dəqiqələrdən irəli atılan “Qəbələ” futbolçuları üstünlüyü ələ alıb. Topa nəzarət edən “qırmızı-qaralar” ardıcıl hücumlarla qonaqların müdafiə xəttini gərginlikdə saxlayıb. Lakin ötürmələr zamanı xətalara yol verən futbolçular real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Sumqayıtlılar isə əsasən əks-hücumlarda fərqlənməyə çalışıblar. Ozobiçin meydanın mərkəzindəki yoxluğu yaradıcılıq baxımından da oyuna müəyyən təsirini göstərib. Nəticədə “Qəbələ” fasiləyədək qonaqların qapısına yol tapa bilməyib.
İkinci yarı da eyni ssenari ilə başlayıb. Zenyovu meydana buraxan Roman Qriqorçuk hücum xəttini gücləndirməyi lazım bilib. Fasilədən az sonra sumqayıtlılar, ardınca isə Zenyov qol vurmaq şansı əldə edib. Lakin bu epizodlarda da hesab açılmayıb. Ardınca Ozobiçin də meydana çıxması ilə hücumların kəsəri artıb. Bundan sonra “Sumqayıt”ın qapısı önündə ardıcıl qol epizodları yaranıb. Fərhad Vəliyev qısa zaman kəsiyində 2-3 dəfə komandasını qoldan xilas edib. Rafael Santosun zərbəsi zamanı isə qolkiper növbəti xilaskarlığını gerçəkləşdirib. Matçın taleyi son dəqiqələrdə həll olunub. Final fitinə 5 dəqiqə qalmış çempionatın bombardiri Baqali Dabo mövsümdə 5-ci qolunu vurub. Bir neçə dəfə fərqlənmək istəyi alınmayan fransalı ardıcıl iki cəhddə qapını nişan alan Zenyovun zərbəsindən sonra önünə düşən topu çərçivəyə göndərib. Qarşılaşmanın son dəqiqəsində isə Dabo 2-ci dəfə rəqib qapısına yol taparaq, dublunu rəsmiləşdirib. Sağ cinahdan cərimə meydanına daxil olan Baqali müdafiəçini arxada qoyaraq, qapını dəqiq nişan alıb – 2:0. Beləliklə, ardıcıl 3-cü qələbəsini qazanan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. 13 xalla zirvədə qərarlaşan komandamızın 7 oyundur qol buraxmayan qapıçısı Dmitri Bezotosnı “quru” seriyasını 688-ə çatdırıb.

“Qəbələ”
22. Dmitri Bezotosnı
6. Rəşad Sadiqov (k)
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
13. Murad Musayev
18. Baqali Dabo
20. Rikardinyo
27. Teo Uiks
(19. Filip Ozobiç, 68)
30. Petar Franyiç
(9. Sergey Zenyov, 57)
34. Urfan Abbasov
(17. Məhəmməd Mirzəbəyov, 74)
44. Rafael Santos

Ehtiyat oyunçular:
33. David Pietrzikeviç
8. Qismət Alıyev
15. Vitali Vernidub
88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

“Sumqayıt”
1. Fərhad Vəliyev
3. Vurğun Hüseynov (k)
5. Seymur Əsədov
(8. Nicat Muxtarov, 46)
7. Vaqif Cavadov
10. Məhəmməd Qurbanov
(9. Amil Yunanov, 46)
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
66. Afşin Esmaeilzadeh
(22. Mirabdulla Abbasov, 68)
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
2. Rail Məlikov
11. İbrahim Abednezhad
42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov