Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” 2012-2013 futbol ili üçün heyətini formalaşdırmağa başlayıb. Belə ki, artıq bir neçə futbolçunun komandadakı taleyinə aydınlıq gətirilib. Mahir Şükürov, Abdul Kader Kamara, Lyubo Baranin və Pavel Doroşevin ardından Qrem Smit, Deon Barton, Arif İsayev, Sergey Sokolov və Saşa Yunisoğlu ilə yollar ayrılıb. Tərzin Cahangirovla Nuran Qurbanov isə futbolçu həyatlarını icarə əsasında başqa komandada davam etdirəcəklər. Müqaviləsi sona çatan Nodar Məmmədovla razılıq əldə olunub və yaxın vaxtlarda müdafiəçi ilə yeni müqavilə imzalanacaq. Digər müqaviləsi sona çatmış futbolçu hollandiyalı Stiv Olferslə danışıqlar davam etdirilir. Razılıq əldə olunarsa, müdafiəçi növbəti mövsümdə də “Qəbələ” üçün tər tökəcək.
Hazırda müalicə alan Rövşən Əmiraslanovun komandada qalıb-qalmayacağı məsələsi də futbolçunun müalicəsinin nəticələrinə görə öz həllini tapacaq.
“Qəbələ” Futbol Klubu komandadan ayrılan futbolçulara komandadakı çıxışlarına və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.