“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan "qırmızı-qaralar" braziliyalı Markinyos Kariokanı da sıralarına qatıb. Yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.
28 may 1992-ci ildə anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın "Parana" klubunda start verib. Gənc futbolçu 2013-2014 mövsümünü Rumıniyanın "Otelul" kollektivində keçirib. O, sözügedən komandada 33 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənməyi bacarıb.
Markinyos "Qəbələ"yə keçidinin rəsmiləşməsinin ardından ilkin təəssüratlarını gabalafc.az-la paylaşıb:
"Qəbələ"yə keçidimə görə sevincliyəm. Daha öncə yeni komandam haqda ətraflı məlumat toplamışam. Komandaya keçidimdə baş məşqçi amili və klubun hədəfləri əsas rol oynadı. Azərbaycan Premyer Liqasının nə dərəcədə çətin çempionat olduğundan xəbərdaram. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".