Hazırlıqlarının Antalya mərhələsini tamamlayaraq vətənə dönən “Qəbələ” heyətini 5 futbolçu ilə gücləndirib. Bir müddətdir komandanın düşərgəsində baxışda olan Amit Quluzadə, Luka Jinko, İfeanye Emeqara, Mustafa Dabo və Kristian Pulhak rəsmən qırmızı-qaraların sıralarına qatılıb. Müqavilə imzalanmadan öncə futbolçular İstanbul Acıbadem xəstəxanasında tibbi müayinədən keçiblər.
Amit Quluzadə
1992-ci ildə Bakıda anadan olan Amit peşəkar futbolçu karyerasına “Neftçi”də başlayıb. 2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin “Kayseri Erciyesspor” klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi “Rəvan”da top qovub. Yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Luka Jinko
1983-cü ildə Sloveniyada anadan olan Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə “Smartno” klubunda start verib. Karyerası boyunca “İstres” (Fransa), “Bela Krayina”, “Domjale”, “Rudar Valenye” (hamısı Sloveniya), “Kocaelispor” (Türkiyə), “Alki”, “APOP Kinyras” kimi klublarda top qovan futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib.
İfeanye Emeqara
Emeqara 1984-cü ildə Nigeriyada anadan olub. Peşəkar futbolçu karyerasına Avropada başlayan müdafiəçinin ilk klubu Serbiya “Partizan”ı olub. İki mövsüm – 2004-2005, 2005-2006 müvsümlərində sözügedən ölkədə top qovan Emeqara 2006-cı ildən 2012-ci ilin sonunadək Ruminiya klublarının – “Poli Timişuara” (2006-2007) və “Styaua”nın (2007-2012) şərəfini qoruyub. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mustafa Dabo
1986-cı ildə Seneqalda anadan olan futbolçu karyerası boyunca “Sion”, “Servett”, “Sent-Qallen”, “İverdon”, “Aarau” (hamısı İsveçrə), “Əl Sailiyə” (Qətər), “İttihad Kalba” (Birləşmiş Ərəb Əmirlikləri) top qovub. Dabonun “Qəbələ”dən öncəki klubu isə Litvanın “Spartak” komandası olub. Hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
Kristian Pulhak
1984-cü ildə Rumuniyada anadan olan Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - “Dinamo” Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın “Herkules” klubunda icarə əsasında top qovub. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Yaxın günlərdə “Qəbələ” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək. Serbiyalı futbolçu Nikola Valentiç Acıbadem xəstəxanasında tibbi müayinədən sonra rəsmən “Qəbələ”li olacaq.