«Qəbələ»də sabiqlər ve yeni adlar
Xəbərlər / 10 İyun 2015 | 12:08179
«Qəbələ»də sabiqlər ve yeni adlar

2015/16 mövsümünün hazırlıqlarına start verən “Qəbələ”də 7 futbolçu ilə yollar ayrılıb. Müqavil müddəti başa çatmış futbolçulardan Viktor Mendi, Bəxtiyar Soltanov, Pavol Farkaş, Aleksandru Benqa, Mixail Sivakov, Ruslan Fomin və Cavidan Hüseynzadə ilə əməkdaşlığa son verilib.

2011-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Mendi 4 mövsümdə 33 qol vurub, klub tarixinin ən yaxşı bombardiridir. Seneqallı hücumçu 127 oyun keçirməklə Dodonun rekorduna şərikdir.

Benqa və Farkaş 2014-cü ilin yayında transfer olunub. Farkaş 14 oyunda 2 qol vurubsa, Benqa 7 matçın iştirakçısı olub. Mövsümün gedişində “Qəbələ”yə keçən Soltanov “qırmızı-qara” formada keçirdiyi 24 qarşılaşmada 4 qol vurub. Komandamıza qış fasiləsində qoşulan Ruslan Fominlə Mixail Sivakov “qırmızı-qara” formada yarım mövsüm keçirib. Bu müddətdə Fomin 17, Sivakov 13 matçda meydana çıxıb. Hüseynzadə isə yalnız 1 görüşün iştirakçısı olub və 1 top buraxıb. “Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.

2015/16 mövsümünün transfer çalışmalarına da start verən “Qəbələ” heyətini gücləndirmək istiqamətində addımlar atıb. 5 futbolçu növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyəcək. Bunlar qapıçı Andrey Popoviç, müdafiəçilər Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Samir Zərgərov, Asif Məmmədovdur. 2006-2009-cu illərdə “Qəbələ”də çıxış edən Zərgərov klub tarixinin ən çox oyun keçirən 8 futbolçusundan biridir. O, 84 oyunda 10 qol vurub. Ölkə çempionatlarında 200-dən artıq oyun keçirən yarımmüdafiəçi “Ədliyyə”, “Standard”, “Kəpəz” və “İnter”in də şərəfini qoruyub. 2009/10 mövsümündə “Qəbələ”də çıxış edən Daşdəmirov klubun heyətində 18 matça çıxıb. Premyer Liqada 200-dən çox oyun keçirən 28 yaşlı müdafiəçi “Şahdağ” (2004-2006), “MKT-Araz” (2006-2007), “Masallı” (2007-2008), “Olimpik” (2008), “Standard” (2009) və “İnter”in (2010-2015) də şərəfini qoruyub. Məmmədov da vaxtilə komandamızın formasını geyinib. O, “Qəbələ”nin Premyer Liqada debüt etdiyi 2006/07 mövsümündə “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 8 ildən sonra qayıtdığı komandada 9 oyun keçirib, 3 qol vurub. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Saf” (2003-04), “Ədliyyə” (2004-06), “MKT-Araz” (2006), “Standard” (2007-08), “İnter” (2008-10, 2011-15), “Xəzər Lənkəran” (2010) klublarında da çıxış edib. Popoviç və Mirzəbəyov da Daşdəmirov kimi Azərbaycan milli komandasının üzvləridir. 25 yaşlı Məhəmməd Premyer Liqada “Sumqayıt” (2012-2014) və “İnter”də (2014-2015) çıxış edib. Bunadək isə o, Rusiyada “Torpedo” (Moskva, 2006-2008), “Torpedo-ZİL” (2009) və “Anji”nin (2010-2012) şərəfini qoruyub. Popoviç “Bakı” (2008-2011), “Abşeron (2010-2011), “Sumqayıt” (2011-12 və 2014-15), “Turan”la (2012-2013) yanaşı, ölkə xaricində də legioner həyatı yaşayıb. 23 yaşlı qapıçı 2013-cü ildə Türkiyənin “Tavşanlı Linyitspor” klubunun formasını geyinib.